Şuşa panelində Azərbaycan tərəfdən Milli Məclisin deputatı, akademik Rafael Hüseynov “Gözəl sənətlərin, elmlərin və zəfərlərin Şuşada qovuşan və sabahlara uzanan yolu” mövzusunda məruzə ilə çıxış edib. Akademik Qarabağın və Şuşanın şanlı tarixinin Mirzə Adıgözəl bəy, Mirzə Camal Cavanşir, Əhməd bəy Cavanşir, Mir Mehdi Xəzani, Mirzə Rəhim Fəna, Həsən İxva Əlizadə və digərlərinin müəllifi olduğu “Qarabağnamə”lərdə təfərrüatı ilə əks etdirildiyini, köhnə qaynaqların çox zaman Şuşanı “Qarabağın ürəyi” adlandırıldığını diqqətə çatdıraraq deyib: “Bu gün azərbaycanlıların dilində “Qarabağ Azərbaycandır!” sözləri artıq bir şüar kimi hər gün səslənməkdədir. Qarabağın tacı Şuşa şəhəri rəsmən Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Ancaq Şuşa həmişə Qarabağın və bütöv Azərbaycanın ürəyi hesab edilib. Başqa sözlə, bu anlarda siz hamınız Qarabağın, Azərbaycanın ürəyindəsiniz. Yalnız indi yox, əsrlərcə bu bir isbata ehtiyacı olmayan həqiqət kimi qəbul edilib ki, Qarabağ və Qarabağda yetişmiş şəxsiyyətlər Azərbaycanı Azərbaycan edən dəyərlər sırasında ən ucada dayanıb, Şuşa da bir şəhər olaraq qurulmağa başladığı vaxtlardan elə hamı tərəfindən mədəniyyətin paytaxtı sayılıb. Həm də bunu yalnız Azərbaycanın içərisində biz özümüz və yaxın qonşularımız belə hesab etməyib, Şuşanın bir mədəniyyət başkəndi olması hüdudlardan kənarlarda da etiraf edilib”.
Tarixi mənbələrə əsaslanan Rafael Hüseynov bildirib ki, indi 270 yaşı tamam olan Şuşanı vaxtilə bir iqamətgah, paytaxt olaraq seçəndən sonra 1752-ci ildən bu şəhərin quruculuğuna başlayan Pənahəli xan Cavanşir buranı yalnız inzibati bir mərkəzə deyil, məhz örnək şəhərə, ilk növbədə bir mədəniyyət mərkəzinə çevirməyi hədəf seçmişdi. Qarabağdan və Azərbaycanın müxtəlif guşələrindən ən yaxşı ustaları, ən yaxşı musiqiçiləri, ən kamil əsnafı, ən seçmə nəsillərin təmsilçilərini buraya toplamağa başlamış, Şuşa tezliklə Qafqazda, Yaxın və Orta Şərqdə mədəniyyətləri qovuşduran məkan çevrilmişdi.
Akademik Rafael Hüseynov alban salnamələrinə əsaslanaraq söyləyib ki, musiqi və incəsənətin bu bölgədə güclü tərəqqisi hələ VII əsrdən, Cavanşir sarayına toplaşan şair, müğənni və bəstəkarların qoyduğu ənənələrdən başlayıb. Şuşanın yarandığı gündən Qarabağın inzibati-siyasi mərkəzi rolunu oynadığını, şəhərin 1755-1822-ci illərdə Qarabağ xanlığının paytaxtı olduğu çağlardan burada daim elmi-mədəni həyatın qaynadığını söyləyən Rafael Hüseynov həmin mühitin yetirdiyi görkəmli alim və sənətkarlar, onların yaratdıqları misilsiz əsərlər barədə konqres iştirakçılarına məlumat verib.
Şuşanın elmi-mədəni miqyaslarının həmişə Qarabağ və Azərbaycandan daha geniş coğrafiyaya yayıldığı məsələsi üzərində dayanan Rafael Hüseynov deyib: “Böyük xanəndə Cabbar Qaryağdıoğlunu məşhur rus şairi Sergey Yesenin 1924-cü ildə “Şərq musiqisinin peyğəmbəri” adlandırırdı. Yəni həmişə görüblər ki, bu yerdəki ulduzların böyüklüyünü, parlaqlığını müqayisə etmək üçün gərək əhatəni geniş götürəsən, daha əngin coğrafiyaya çıxasan. Bu minvalla Şuşanın özünə də sadəcə “Gözəl səslər” şəhəri, “Musiqi beşiyi”, yaxud lap dəqiqləşdirirmiş kimi “Konservatoriya şəhər” adlandırmağı az sayıblar, 1908-ci ildə Tiflisdə nəşr edilmiş “Kavkazskaya muzıka” adlı kitabda Şuşanı elə birbaşa “Qafqazın konservatoriyası” adlandırıblar. Təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 16 rəssam, 5 astronom, 18 memar, 16 həkim və 42-yə yaxın müəllim-mirzə olub”.
Şuşanın tarixən Pənahabad, xalq dilində isə adətən Qala adlandırıldığını deyən akademik Rafael Hüseynov bu əziz şəhərin daim alınmazlıq qalası hesab edildiyini vurğulayaraq bəyan edib ki, Azərbaycanın 2020-ci ilin payızında 44 günlük müharibədə qazandığı möhtəşəm Qələbədən sonra Şuşa Zəfərin ən parlaq rəmzinə çevrildi və VII Beynəlxalq Sosial Elmlər Konqresinin yekun toplantısının burada keçirilməsi, Qarabağa həsr edilməsi də daim bizimlə olacaq zəfərlər yolunun daha bir davamı və təntənəsi deməkdir. (AZƏRTAC)