Emin Piriyev Emin Piri kimi özünü təsdiqləmiş çağdaş ədəbiyyatımızın gənc şairlərimizdəndir. Onun yaradıcılığında əsas xətt müharibədir. Şeirlərini oxuduqca savaş löhvələrini daha yaxından, daha dərindən bələd olmaq mümkündür. O, eyni vaxtda həm döyüşür, həm müharibədə baş verənləri qələmə alır, həm də döyüş yoldaşlarına ürək-dirək vermək üçün gülməcələr yazırdı. Ona hər şeyi çox sevdiyi Vətən diqqtə edirdi...
Qürur duyduğumuz döyüşçümüz, yenilməz zabit, 44 günlük Vətən müharibəsində özü tarix yazan tarix müəllimi, Zəfərimizin, qələbəmizin birbaşa iştirakçısı, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər və Laçın uğrunda gedən döyüşlərdə zabit kimi vuruşan şair Emin Pirinin Az.TV-nin çəkdiyi “Dəmir yumruq” sənədli filmində dedikləri:
-Xızı rayonunda tarix müəlllimi işləyirəm və dərsdən sonra “Ədalət” qəzetində jurnalist kimi fəaliyyətimi davam etdirirəm. AYB-nin üzvüyəm, yaradıcılıqla məşğulam. 44 Vətən Müharibəsində zabit kimi xidmət etdim və ondan əvvəl Ağdamda tank komandiri kimi səngər həyatı yaşamışam. Düşünürdüm ki, bəlkə, Ağdamda olduğum zamanlarda Vətən torpağının azadlığı mənim xidmət etdiyim dövrə düşər. Təəssüf ki, o zaman qismət olmadı. İçimdə bir qorxu da vardı, həm zabit kimi yaşayıb qocalmaq, həm də 44 günlük müharibə kimi şərəfli anlar olarsa, onu yaşaya bilməmək, yəni, ən azından buna yaş imkan verməzdi. Tale elə gətirdi ki, “niyyətin hara, mənzilin ora misali” Vətən savaşında gənc zabit kimi iştirakçı oldum. 44 günlük müharibədən əvvəl tarix müəllimi işləmək mənim üçün çox əzabverici idi. Biz daha çox işğal tarixlərindən söhbət açır, ancaq faciələrimizdən dərs keçirdik, torpaqlarımızın necə və nə üçün işğal olunması ilə bağlı şagirdlərimizi məlumatlandırırdıq. Şagirdlərin önündə gənc bir tarix müəlliminin işğaldan danışması və eyni zamanda vətənpərvərlikdən bəhs etməsi, bir qədər, düzü, mənə absurd gəlirdi. Hər hansı bir şagirdin, səndən 10, 15 yaş kiçik şagirdin qalxıb, “bəs bu qədər tarixdən danışırsınız, işğaldan danışırsınız, özünüz də zabitsiniz, niyə azad olmasın bu torpaqlar?” sualının bir gün veriləcəyi, sözün həqiqi mənasında məni qorxudurdu, çünkü verəcəyim cavab yox idi. Vətən müharibəsi, xüsusən də tarix müəllimlərini o qorxacağımız sualdan xilas etdi. İndi isə sən özün istəyirsən ki, şagird sənə o sualları versin. Çünki indi səndən qələbənin cavabını soruşacaq və sən qürurla Ordumuzun qəhrəmanlıqla dolu tarix yazdığı o günlərlə bağlı hadisələri ürəklə danışacaqsan. Vətən müharibəsi bizi bir müəllim kimi hər bir qorxduğumuz suallardan və şagid qarşısındakı başaşağılıqdan xilas etdi. Burda sadə vətəndaşımızdan, Müzəffər Ali Baş Komandanımızın əmri ilə hər birimiz bir dəmir yumruğa çevrilə bildik və həmin Dəmir yumruğu bir barmaqsız təsəvvür etmək mümkün deyil. Xalqımızın böyük coşquyla Dəmir yurmuğa çevrilməsi Ali Baş Komandanımıza sonsuz güvənməsindən irəli gəldi. Xalq Ona, O xalqına güvəndi və bu birlik sayəsində Zəfərə imza atdıq. Bu Dəmir yumruq necə ki, tariximizdə Azərbaycanın qəhrəmanlığını əks etdirən “Simurq quşu” və digər əfsanələrimiz olub, 44 günlük müharibədə də sadə vətəndaşından Ali Baş Komandana kimi müasir Azərbaycan tarixində Dəmir yumruq timsalında formalaşdı və bu Dəmir yumruq bizim mifimizdir, qürurumuzdur, şərəfimizdir! Biz bir xalq olaraq Dəmir yumruq olmağı bacardıq və bu Dəmir yumruğun sayəsində torpaqlarımızı işğaldan azad etdik.
ŞUŞA
Saçında anamın xınası,
Yolların ayaqlarım üçün duası,
Gözlərində
Hələ bizim olmayan uzaqlıq deyir,
Sən azadsan! Sən azadsan!
Ayaqlarım çığırlara yalvarır,
Qarabağ! Biz sənin övladlarınıq,
İlk dəfə gördüyün övladlar,
At, at ayaqlarının bətnində
Gizlətdiyin minaları.
Günlərdir, danışmırıq,
Bilirəm, narahatsan, ana,
Bəlkə, gecələri ağlayıb,
Şəklimlə ovunursan, ana,
Səni Füzulidən eşidirəm,
Səni Cəbrayıldan görürəm.
Sənə Şuşadan əl yelləyirəm, ana!
Noyabrın dağ soyuğu,
Bumbuz olmuş bədənim,
Barmağımda titrəyən tətik
Bizi qızınmağa çağırır
Şuşanın ibisti ana qucağı.
Formamda şəhid
Qardaşlarımızın qanı,
Gözlərimdə qırx dörd
gecənin yuxusuzluğu.
Qarabağ torpağıyla, palçığıyla
Büsbütün Vətənləşən bədənimiz,
Bizi gözləyən Azərbaycan!
Meydanlarda, ürəklərdə gözləyir,
Hayqırır, Sən azadsan! Sən azadsan!
Hazırladı: Tahirə AĞAMİRZƏ