Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Sultanov Zaminəli Nazim oğlunun doğum günüdür. O, 25 dekabr 1999-cu ildə Saatlı rayonunun Qara Nuru kəndində anadan olub. Saatlı rayon Qara Nuru kənd tam orta məktəbində təhsil alıb. Zaminəli Sultanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Hərbi xidməti bitdikdən sonra təsərrüfat işləri ilə məşğul olub.
Azərbaycan Ordusunun əsgəri olan Zaminəli Sultanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Füzulinin, Qubadlının və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.
Zaminəli Sultanov 20 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Zaminəli Sultanov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD