17.01.2026, 21:59
AZ EN
24.12.2025, 10:17 220

Təki oğlum mənimlə fəxr eləsin...

XƏBƏRLƏR
  • Zülfüqar Vətən müharibəsinə könüllü yollanmışdı. O, düşmənlə savaşanda oğlu dünyaya gəldi. Zülfüqar bu xəbəri odun-alovun içində  sevinclə qarşıladı. Oğlunun adını da elə döyüş yoldaşı qoydu. Zülfüqar sevimli oğlunu - Davudun üzünü görə bilmədi. Şəhadətindən əvvəl demişdi ki, təki oğlum mənimlə fəxr eləsin. Qonşular, qohumlar deyirlər ki, Zülfüqar çox tərbiyəli, mədəni bir insan idi. Vətəni, bayrağı çox sevirdi. Xocavənddə bayrağımızı zirvəyə qaldıranda da sanki dünyanı ona bağışlamışdılar....

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Zülfüqar Bayram oğlu Abbasovun doğum günüdü. O, 1995-ci il dekabrın 24-də Gədəbəydə anadan olub. Sonra ailəsi Tovuz rayonunun Qovlar qəsəbəsinə köçüb.  Qovlar şəhər internat məktəbini bitirib. 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.

Zülfüqar Abbasov könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib. Bayrağımızı Xocavənddə zirvəyə sancan Zülfüqar Abbasov noyabrın 10-da elə həmin ərazilər uğrunda qəhrəmancasına şəhadətə ucaldı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Zülfüqar Abbasov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər