APA televiziyasının məlumatına görə, Azərbaycan miqyasında yeni meqalayihə olan Kür çayı üzərində Ələt-Horadiz-Ağbənd dəmiryolu xəttini birləşdirən körpünün tikintisi başa çatıb. Körpü Kür çayının Şirvan şəhərinin ərazisindən keçən hissəsində tikilib. İşğaldan azad olunan Qarabağ və sərhədyanı rayonların inkişafına töhfə olan nəqliyyat və yol infrastrukturunun bir hissəsi kimi körpünün tikintisi beynəlxalq standartlara cavab verən səviyyədə həyata keçirilib. Körpü bu ilin oktyabrında istifadəyə verilib. Körpünün uzunluğu 270, 58 metr, eni isə 5, 7 metrdir. 4 aşırımlı körpünün orta aşırımlarının uzunluğu 111, 4 metr, kənar aşırımlarının uzunluğu isə 18, 7 metrdir. Körpüdən keçən dəmiryolu xətti həm böyük həcmli yükdaşımalar, həm də sərnişin daşınmasına xidmət edəcək. Körpü beynəlxalq iqtisadi əlaqələrin intensivləşməsinə də böyük təkan verəcək.
Paralel olaraq körpüyə birləşdiriləcək yeni dəmiryolu xəttinin çəkilməsi istiqamətində də işlər görülür. 100 il əvvəl istifadəyə verilmiş və hazırda qəzalı vəziyyətdə olan körpünün sökülməsinə start verilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin tikintiyə nəzarət şöbəsinin rəisi Əflan Sadıqlının sözlərinə görə artıq 50 faizi sökülən körpünün tikintisinin 2023-cü ilin mart ayına qədər başa çatdırılması nəzərdə tutulub.
Hazırladı: Mina RƏŞİD