22.02.2026, 23:22
AZ EN
03.11.2025, 09:00 233

Bu gün şəhid Elvin Sadıqovun doğum günüdür

XƏBƏRLƏR
  • Elvinin bəy otağı üçrəngli bayraqlarla, hər biri unudulmaz xatirə olan şəkilləri, fəxri-fərmanları, mükafatları və doğmalarının göz yaşı hopmuş xonçalarla bəzəndi. Elvin özü bu yolu seçdi. İstəsəydi döyüşə getməzdi. Çünki Vətən müharibəsindən cəmi bir həftə əvvəl əməliyyat olunmuşdu. Amma o əsl kişilik yolunu seçdi. İllərlə xüsusi təyinatlı kimi bu günü gözləmişdi. İndi onu yolundan heç nə saxlaya bilməzdi...

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Elvin Namiq oğlu Sadıqovun doğum günüdür. O, 1998-ci il noyabrın 3-də Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. 2017-ci ildə hərbi xidmətə çağrılıb. Naxçıvanda Vətəninə xidmət etməyə başlayıb. Daha sonra müddətdən artıq hərbi qulluqçu kimi Naxçıvan Xüsusi Təyinatlılarında Vətənə xidmətə başlayıb.

Sonuncu məzuniyyətində anasının məzarını ziyarət edib. Elvinin sanki şəhid olacağı ürəyinə dammışdı...
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Elvin əməliyyatdan yeni çıxmasına baxmayaraq döyüşlərə can atır. Lakin həkimlər buna icazə vermir. Buna baxmayaraq o, oktyabrın 11-dən Füzuli istiqamətində gedən döyüşlərə qatılır.
Elvin Sadıqov müharibədə XT qrup kəşfiyyatçı-pulemyotçu kimi ön cəbhədə mərdliklə vuruşaraq şücaətlər göstərib.

İgid döyüşçü noyabrın 1-də Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehiramla doğma Goranboy rayonunda torpağa tapşırılıb.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Elvin Sadıqov ölümündən sonra "Vətən uğrunda",“ Şuşanın azad olunmasına görə”, Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “III dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Vətəni canından çox sevən qəhrəman şəhidimiz Elvin Sadıqovun xatirəsi heç vaxt yaddaşlardan silinməyəcək. Onun müqəddəs adı həmişə gəncliyə nümunə, yaşıdlarına örnək olacaq...

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Elvin balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər