Toğrul Murtuzayev 1997-ci il noyabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Toğrul Murtuzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Murtuzayev sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksəlib.
Qəhrəmanımız Ağdam rayonunun Quzanı qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhid anası Mahirə Murtuzayevanın sözlərinə görə, Toğrul uşaq yaşlarından Vətəni sevən olub. Məhz bu sevgi də onu arzuladığı şəhidlik zirvəsinə ucaldıb.
"Çox gözəl bir övlad idi. Mənim arxam, dayağım idi. Vətənini çox sevirdi. Hər sözünün başı Ana Vətən idi. Ən çox xoşladığı mahnılar "Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim" və "Qalx-qalx ulu torpaq" idi. Vətənpərvər oğul idi. Vətən müharibəsində Ağdamın ilk şəhidi oldu. Sentyabrın 27-də Suqovuşan istiqamətində gedən döyüşdə Vətən yolunda şəhidlik zirvəsinə yüksəldi. Balam öz arzusuna çatdı. Belə bir oğul yetişdirdiyim üçün fəxr edirəm. O oğul mənim başımı uca elədi"-, 22 yaşlı şəhidimizin anası.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Toğrul Murtuzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Tahirə AĞAMİRZƏ