“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən seminarın məqsədi Azərbaycan Konstitusiyasının formalaşdırılması və dövlət suverenliyinin bərqərar olması istiqamətində həyata keçirilən tarixi proseslərin elmi müstəvidə təhlili, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərinin və möhtərəm Prezident cənab İlham Əliyevin strateji dövlətçilik missiyasının müzakirəsini təşkil etməkdən ibarətdir.
Seminarda ilk olaraq BSU-nun rektoru Anar Nağıyev müasir dövrdə milli dövlət konsepsiyasının formalaşması, dəyişən geosiyasi reallıqlar və Cənubi Qafqaz regionunda Azərbaycanın artan rolu barədə çıxış edib. Rektor vurğulayıb ki, Azərbaycanın son illərdə həyata keçirdiyi müstəqil siyasət, ərazi bütövlüyünün bərpası və milli maraqlara əsaslanan xarici siyasət kursu yeni dövrün Azərbaycanını formalaşdırıb.
Anar Nağıyev “Müasir milli-dövlət və Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar: Azərbaycan nümunəsi” mövzusunda təqdimatında beynəlxalq sistemin tarixi mərhələlərindən – Vestfaliya, Versal, Yalta-Potsdam düzənlərindən başlayaraq postmüasir dövrün çoxqütblü dünya nizamına qədər keçilən yolu təhlil edib.
Seminar çərçivəsində Milli Məclisin Gənclər və İdman Komitəsinin, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayılov, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavinləri millət vəkilləri Səbinə Xasayeva və Mircəlil Qasımlı da çıxış ediblər. Onlar Azərbaycanın milli maraqlarının qorunmasında gənclərin vətəndaş məsuliyyəti, tarixi yaddaşın bərpası və Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal rolunun əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda sual-cavab sessiyası keçirilib, iştirakçılar təqdimat və çıxışlar ətrafında fikir mübadiləsi aparıblar.
Tahirə AĞAMİRZƏ