Qəhrəman şəhidimiz, kapitan Vüsal Tahir oğlu Quliyev 1985-ci il iyunun 5-də Lənkəran şəhərində dünyaya göz açıb. Orta təhsilini Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada alıb. Vüsal məktəbi bitirdiyi il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2007-ci ildə məktəbi leytenant kimi bitirən gənc zabitimiz Gəncə, Ağstafa, Ağcabədi, Beyləqan, Goranboy və Tərtərdə yerləşən hərbi hissələrdə xidmət edib. Valideynləri Vüsalı həkim görməyi arzulasalar da, o, sevdiyi hərb sənətinin sirlərinə yiyələnib.
Şəhid Vüsal Quliyevin anası Gülparə Quliyeva deyir ki, Vüsalın uşaqlıqdan hərbiyə böyük marağı olub: “8-ci sinfi bitirəndə Naxçıvanski adına hərbi məktəbə daxil olmağı çox istəyirdi, amma biz qoymadıq. Dedik ki, səni həkim kimi görmək istəyirik. 11-ci sinfi qurtaranda öz arzusuna çatdı, Hərbi Akademiyaya daxil oldu. Müharibə başladı, Vətəni uğrunda döyüşlərə qatıldı, qəhrəmancasına şəhid oldu. Çox vətənpərvər uşaq idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Balamla qürur duyuram”.
Vüsalın atası Tahir Quliyev isə Qələbənin əldə edilməsində oğlunun kiçik də olsa payının olması ilə qürur duyduğunu söyləyir: “Allah bizim Rəşadətli Ordumuzdan, Ali Baş Komandanımızdan razı olsun. Biz də razıyıq. Ordumuz uşaqlarımızın qanını yerdə qoymadı. Başda Müzəffər Ali Baş Komandan olmaqla, qalib Ordumuz zəfər çaldı”.
Şəhidin sinif rəhbəri Bəsirə Yusubova da Vüsal haqqında danışanda onun hələ uşaqlıqdan hərb sənətinə meyilli olduğunu vurğulayır: “Tale elə gətirdi ki, orta məktəbi qurtaran kimi o, ali hərbi məktəbə daxil oldu. Vüsal 27 sentyabrda qəhrəmancasına şəhid oldu. Lakin Vüsalın qanı yerdə qalmadı. Torpaqlarımız mənfur Ermənistan ordusunun işğalından azad olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Peşəkarlığı və nümunəviliyi ilə seçilən Vüsal komandir heyəti tərəfindən də daim təltif olunub. Vətən müharibəsinin ilk günündə işğalçı Ermənistan ordusunun növbəti təxribatlarına qarşı əks hücum əməliyyatı keçirən Rəşadətli Ordumuzun sıralarında öz şəxsi heyəti ilə birlikdə düşmənə qarşı mərdliklə vuruşur. Kapitan Vüsal Quliyev Tərtər rayonunun Suqovuşan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə sentyabrın 27-də qəhrəmancasına şəhid olur. Bir neçə gün sonra Şanlı Ordumuz Suqovuşanı 28 ildən sonra düşmən işğalından azad edir, şəhid Vüsal kimi igidlərimizin sayəsində üçrəngli bayrağımız indi orada dalğalanır.
Otuz beş yaşında şəhid olan cəsur zabitimizin iki qız, bir oğlan övladı var. O, övladlarını da vətənpərvər ruhda böyüdürdü. Qızı Rüqəyya atası ilə daim fəxr edəcəyini deyir: “Atam mənin həm dostum idi, həm də qəhrəmanım. İndi isə atam bütün Azərbaycanın qəhrəmanıdır. Eşq olsun Azərbaycan Ordusuna, şəhidlərimizin qanını yerdə qoymadı. Atam ilə fəxr edirəm”.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən kapitan Vüsal Quliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günü mübarək, məzarı nurla dolsun qəhrəman şəhidimizin...
Mina RƏŞİD