Ş.Zərin 30 ilə yaxın Qarabağın, doğma Cəbrayılın həsrəti ilə yaşayıb, qələmini süngüyə çevirən yazarlarımızdandır. Onun “Yaddaş ağrısı” poeması iztirablı yaşantılarının bəhrəsidir. Poema Vətən torpaqlarının işğalından sonra dünyasını dəyişərək məmləkətin qərib yerlərində dəfn olunanların əziz xatirəsinə həsr olunub. Tənqidçi və ədəbiyyatşünas Vaqif Yusifli də “Yaddaş ağrısı” lirik poemasını çox yüksək dəyərləndirib: “Onun Şəhriyarın “Heydərbabaya salam” ahəngində yazdığı “Yaddaş ağrısı” lirik poeması mən deyərdim, Şövkət xanımın ən gözəl poemasıdır. O, Qarabağ həsrətini, ömrün ötən illərilə bağlı xatirə yanğılarını çox poetik ifadə edir. Bu poemada yurd itgisindən doğan həsrət və kədər lap zirvə məqamına çatıb...”
44 günlük zəfər yürüşündə Şövkət xanımın dogma ocağı, yurdu, müqəddəs Cəbrayıl torpağı da işğaldan azad edildi. Qələmi ilə Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan əsgərinin səsinə səs verən şairin bir neçə şeirini oxucularımıza çatdırırıq.
Qarabağ Azərbaycandır!
Köhnə yaddaşım dirilib,
Qisas qollarım gərilib.
Düşmən ayağa sərilib,
Bu qüdrət bizə haqdandı,
Qarabağ Azərbaycandı!
Yenə oynar qılınc, qalxan,
Yağının başında çaxan.
Alay pozan, sədlər yıxan
Koroğludu, Səttarxandı,
Qarabağ Azərbaycandı!
Bu Xan Araz, o Bərgüşad,
Gözlərində gülür həyat.
Bu Murovdağ, o Ziyarət,
Xankəndi, Əsgərandı,
Qarabağ Azərbaycandı!
Qalxıb gələr Pənahəlixan,
Sultan ağa da Laçından.
Bir səs ucalar Şuşadan,
O Xan qızı Natəvandı,
Qarabağ Azərbaycandı!
Bakı bir qaladır bil ki,
Dayanıb sərkərdə təki.
Muğan, Şirvan, Gəncə, Şəki,
Bölünməz ürəkdi, candı,
Qarabağ Azərbaycandı!
Zabit oğlum qorxu bilməz,
Əsgər balam geri dönməz.
Qalxan bayraq bir də enməz
Haqq işimiz qana-qandı -
Qarabağ Azərbaycandı!
28 sentyabr 2020
Vətən yallısı
Salam, Xudafərin, salam, Diridağ.
İlxısız, sürüsüz darıxan yaylaq.
Salam, Xan çinarım, söyüdlü arxım,
Zümrüd bulaqlarım, ay varım-yoxum.
Gözün aydın, torpaq, gözün aydın, yurd,
Qayıdıb gəlmişik, özünü tox tut.
Unutmadım səni, ata ocağı.
Görüşdük ömrümün bu ahıl çağı.
Yuxular çin oldu, yenə gəlmişəm,
Ümidim yaşatdı, mən ölməmişəm.
Gəlmişəm, günahı üstümdən atam,
Gəlmişəm, dizinə baş qoyub yatam.
Yaxın dur, qol-boyun görüşək, Araz,
Bu sevinci birgə bölüşək, Araz.
Dilim ağılarda səni ağlamaz
Göz yaşım daşında mamır bağlamaz.
Bayrağım yellənir Xudafərində,
Tariximə zəfər yazırıq gündə.
Sərhədləri yarıb, aşıb ordumuz
"Cəngi"də hoylanıb-coşub ordumuz.
Paslı zəncirləri qırıb türk oğlu,
Açılıb Gülüstan - Qarabağ yolu.
Şəhid Xudafərin deyilmir ona,
Elləri qovuşub öz muradına.
Toy libası geyib Araz qırağı,
Məhşər ayağına çəkilir yağı.
Bu gün bayram edir torpağım, daşım,
Sevinir sinəmə axan göz yaşım.
Yığışaq şənliyə, tutaq əl-ələ,
Oğuz türküləri qoy düşsün dilə.
Kəmərtək sarılaq yurdun belinə,
"Vətən yallısı"nı oynayaq yenə.
4 oktyabr 2020
Bu payızı gözlədim
Bizə zəfər gətirən
2020-ci ilin payızına
Ürəyimcə oldu gələn bu payız,
Doğmalaşdı üzündəki sarılıq.
Bu payızın elə bil ki, yox idi
Gözündə qəm, qucağında ayrılıq.
Buludlar da göz yaşların sovmuşdu
Göyərən bu ümidlərin xətrinə.
Göy üzü də qəm karvanın qovmuşdu
Zəfər dolu bu günlərin xətrinə.
Bu payızın nəşəsi var gözümdə,
Sarı xəzəl, sanki yanan məşəldi.
Çən-çisəyi nəğmələnib üzündə
Bu payızın ağlamağı gözəldi.
Otuz ildir rəsmin çəkib ağrımın,
Həsrətini ürəyimdə közlədim.
Dözə-dözə daş bağlayıb bağrıma -
Otuz ildir bu payızı gözlədim.
Od yurduna xoş gəlmisən, payızım,
Çal-çağırlı toy-düyünlər çox olsun.
Ellərimiz geyinsin yaz libasın,
Ömrümüzdən ayrılıqlar yox olsun.
Oktyabr 2020
Oğullar
Qədim mədəniyyət beşiyi olan
Şuşanı əsirlikdən azad edən
igidlərimizin şərəfinə
İstəyirəm dünya yığışıb gəlsin,
Zəfər sevincinə şərik olsunlar.
İstəyirəm dünya eşitsin, bilsin,
Tariximə tarix yazır oğullar.
Görsünlər gözümdən qəmi qovmuşam,
Vətən göylərində azad bir quşam.
Azaddı Laçınım, azaddı Şuşam,
Xəyanətə qəbir qazır oğullar.
Canlı sipərdilər, yaş səngərdilər,
Mərdanə can verən igid ərdilər.
Sərhəd dirəyidir, yenilməzdilər,
Süngüylə sərhədi cızır oğullar.
Qeyrəti qılınctək sancıb belinə,
Ölüm, qorxu nədir gəlmir eyninə.
Dastan hünərləri sığmır şeirimə,
Durub şəhidliyə hazır oğullar.
Sığınıb sıldırım qayaya, daşa.
Qartaldı zirvədə dayanıb Şuşa.
Fərhadtək dağ çapır girib savaşa
Bu dönməz oğullar, bu zor oğullar.
Vətəndən vətənə körpü salırlar,
Şəhid düşən yerdə bayraq olurlar.
Ümidlər göyərdib, zəfər çalırlar,
Düşmən niyyətini pozur oğullar.
Hazırladı: Mina RƏŞİD