Bu sözləri 16 il Vətənə xidmət edən şəhid kapitan Anar Heydərov deyirdi. Bu gün “Rəşadət” ordenli qəhrəmanın anım günüdür. Atası deyir ki, istərdim elə oğlu da onun kimi igid olsun. Anar Heydərov həm şücaəti, həm də səsi ilə düşmənə qan uddurdu. Yaralı vəziyyətdə döyüş yoldaşlarını xilas elədi, keçilməz sədləri aşdı, qəhrəmanlıq salnaməsi yazdı…
Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi kapitan Anar Bəhruz oğlu Heydərovun anım günüdür. O, 1 iyun 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. Anar Heydərov 2006-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabit idi.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlarda Anar Heydərov da yaxından iştirak etdi.
Azərbaycan Ordusunun kapitanı olan Anar Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edərək şücaətlər göstərib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Kapitan Anar Heydərov 3 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Anar Heydərov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları və III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Şəhidimiz ailəli idi, onun iki övladı Vətənə əmanət qalıb.
Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD