Əlamətdar tarixin məhz bu gün qeyd edilməsi təsadüfi deyil. 420-ci il sentyabrın 30-da dünyasını dəyişən İeronim Stridonski tərcüməçilərin himayədarı sayılır. O, Bibliyanı latın dilinə tərcümə etməklə həm dini, həm də ədəbi tarixdə dərin iz qoyub. Sonradan bu tərcümə - "Vulqat" rəsmi latın mətni kimi qəbul olunub.
İeronim həm də qədim slavyan əlifbası olan "qlaqolitsa"nın banisi hesab edilir. Onun fəaliyyəti əsrlər boyu tərcümə peşəsinin cəmiyyət üçün nə qədər önəmli olduğunu göstərib.
Artıq uzun illərdir ki, bu gün müxtəlif devizlər altında qeyd olunur: "Tərcümə çoxdilliliyin və mədəni müxtəlifliyin əsasıdır", "Dillər çoxdur, peşə – bir" və digər şüarlar peşənin mahiyyətini əks etdirir.
Tanınmış rus yazıçısı Aleksandr Puşkin isə tərcüməçiləri obrazlı şəkildə "tərəqqinin poçt atları" adlandırırdı.
Beynəlxalq Tərcüməçilər Günü hazırda bütün dünyada tərcüməçilərin zəhmətinə hörmət və dəyərin simvoluna çevrilib.
Hazırladı: Mina RƏŞİD