Ermənistanın 34 il bundan əvvəl işğal etdiyi və bu gün Azərbaycana qaytardığı Qazaxın 4 kəndlərindən biri də Bağanıs Ayrımdır. Bu kəndlər işğal olunan zaman ermənilər orada misli görünməmiş faciələr törətmişlər. Həmin hadisələrin şahidlərindən biri isə 71 yaşlı Valeh Məmmədovdur. Ayrım Bağanıs kəndinin sakini olan Valeh Məmmədov işğala qədər kənddə avtobus sürücüsü işləyib.
O, deyir ki, ermənilər işğala qədər hər gün kəndi atəşə tuturdular. Martın 24-ü səhər saat 10-da isə böyük qoşunla kəndə girdilər. Bizim isə əlimizdə silah yox idi. Özümüzü heç cür müdafiə edə bilmirdik. Polislərin köməyinə sığınmışdıq. Kəndin girəcəyində Alməmməd kişini öldürdülər. Daha sonra Dədə kişini, onun həyat yoldaşı, qızları və 15 günlük nəvəsini mal tövləsinə salıb yandırdılar. O hadisələr hələ də gözümün qabağından getmir. İki polisimiz hücumun qarşısını alarkən şəhid oldu.Daha sonra ermənilər geri çəkildi. Sağ qalan cavanlar ailələrini başqa rayona yerləşdirib, yenidən Bağanıs Ayrıma qayıtdı. Mən də onların arasındaydım. Qayıdarkən ailənin yandırıldığı tövləyə baxdım. Onlar bir-birinə doğru sürünə-sürünə ölmüşdülər. Qan donduran dəhşətli hadisə idi.
Sonra əlavə edir ki, Bağanıs Ayrıma Gəncədən hərbçilər gəldi. Evlərimizi, məktəblərimizi təmir edib, dedilər ki, bizi yenidən kəndimizə geri qaytaracaqlar. Ancaq qismət olmadı. 1990-cı il avqustun 20-də ermənilər kəndə ikinci dəfə hücum etdilər. Bu dəfə topla atəş açırdılar, kənddə qalmaq heç cür mümkün deyildi. Məcbur qalıb evlərimizi tərk etməli olduq. Maşınla Aşağı Əskipara kəndinə gəldik. Bununla da bizim Qazaxda köçkün həyatımız başladı.
V. Məmmədov 37 yaşında qoyub çıxdığı kəndinə yenidən qayıtmaq arzusundadır.
Deyir ki, kənddən çıxanda 37 yaşım var idi. Oraya 71 yaşımda gülə-gülə, ayaqyalın qayıdacağam. Kəndin aşağı tərəfində, çayın qırağında yaşayırdıq. Gözəl mənzərəli yerimiz var idi...
Tahirə AĞAMİRZƏ