Salahov Elvin Sabir oğlu 17 sentyabr 2001-ci ildə Bakıda dünyaya göz açıb. 2007-ci ildə Bakı şəhəri Yasamal rayonundakı A.Məmmədov adına 38 saylı tam orta məktəbə gedib. Orta məktəb illərində çalışqan şagird olub, gözəl rəsm çəkmək qabiliyyətinə malik olub. Hətta 6-cı sinifdə oxuyarkən çəkdiyi rəsmlər Yaponiya səfirliyində keçirilən müsabiqəyə göndərilib. İstedadı ilə diqqət çəkən Elvin həmçinin, idmana da xüsusi maraq göstərib və həbəskar boksla məşğul olub. Futbolun isə demək olar ki, fanatı idi. Yaxınlarının dediyinə görə Elvin kompyüter kursuna getmiş və ingilis dilində gözəl danışırmış. 2015-ci ildə həmin məktəbin 9-cu sinfini əla və yaxşı qiymətlərlə bitirib, Azərbaycan Dövlət Dəmiryolu kollecinə daxil olan Elvin Salahov 2019-cu ildə həmin kolleci də müvəffəqiyyətlə bitirərək maşinist ixtisasına yiyələnir. Elə həmin il oktyabrın 7-də Şabran rayonundan hərbi xidmətə yollanır. Xidmətinə Ağcabədidə N saylı hərbi hissədə başlayır. Andiçmə mərasimindən sonra Cəlilabadda N saylı hərbi hissəyə göndərilir. Həmin hissədə müxtəlif sınaqlardan keçərək Xüsusi Təyinatlı Qüvvələrə qəbul olunur. Xidmət dövründə bütün təlim və məşqlərdə müvəffəqiyyətlə iştirak edir.
Azərbaycan Ordusunun əsgəri olan Elvin Salahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
2020-ci il oktyabrın 22-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
19 yaşlı qəhrəmanımız oktyabrın 24-də Bakıda Badamdar qəbiristanlığında böyük ehtiram və izdihamla torpağa tapşırılıb.
Azərbaycan Silahlı Qüvvələrin əsgəri Elvin Salahov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, ”Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin.
Tahirə AĞAMİRZƏ