06.09.2025, 01:53
AZ EN
05.09.2025, 15:17 153

Güləmail Muradın 75 illik yubileyi qeyd olunub

XƏBƏRLƏR
  • Azərbaycan Yazıçılar Birliyində tanınmış şairə, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Güləmail Muradın 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Tədbirdə çıxış edənlər Güləmail xanımın yaradıcılıq yolunu, ədəbiyyata və ictimai həyata verdiyi töhfələri xüsusi vurğuladılar. Qeyd olundu ki, Güləmail Murad uzun illərdir Azərbaycan poeziyasına sədaqətlə xidmət edir, bədii sözün müxtəlif üslub və formalarında uğurlu nümunələr yaradır, publisistika sahəsində cəmiyyətin aktual problemlərinə həssaslıqla yanaşır. Onun əsərlərində milli-mənəvi dəyərlərə bağlılıq, vətən sevgisi, həm də bədii forma axtarışları özünəməxsus yer tutur.

Xüsusilə vurğulandı ki, Güləmail Murad yaradıcılığının mühüm bir hissəsini Vətən uğrunda canından keçən şəhidlərimizə həsr olunmuş şeirlərə ayırmışdır. Bu şeirlərində o, xalqımızın qəhrəmanlıq salnaməsini poetik dillə yaşadır, şəhidlərin ruhuna ehtiramını, vətənpərvərlik duyğularını oxuculara böyük səmimiyyət və bədii güclə çatdırır.

Yubiley mərasimində AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Əsəd Cahangir, AYB-nin katibi Elçin Hüseynbəyli, AYB-nin Kadrlar şöbəsinin müdiri Arifə Əliyeva, AYB saytının baş redaktoru Elvira Atluxanova və digər qonaqlar söz alaraq Güləmail Murad haqqında ürək sözlərini söylədilər. Onlar yubilyarın Azərbaycan poeziyasında öz dəst-xəttini yaratdığını, şeir və publisistikası ilə geniş oxucu kütləsinin rəğbətini qazandığını qeyd etdilər.

Sonda çıxış edənlər Güləmail Muradı bir daha ürəkdən təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq nailiyyətləri arzuladılar.

Qeyd edək ki, Güləmail xanımı yubileyi münasibətilə Azərbaycan Respublikasının Milli Məclisi İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa da bir neçə gün əvvəl təbrik etmişdi.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər