İctimai Birlikdən bildirilib ki, film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qərbi Azərbaycan İrsi” layihəsi çərçivəsində hazırlanıb.
Birliyin sədri və layihə rəhbəri Cəsarət Hüseynzadənin sözlərinə görə, film İrəvan məscidləri, Sal-sal qalası və Aşağı Talın qalası kimi Azərbaycan xalqının qədim tarixi və zəngin mədəniyyətini əks etdirən abidələrdən bəhs edir. O bildirib ki, Ermənistan ərazisində yerləşən bu tarixi abidələrin ermənilər tərəfindən dağıdılması və saxtalaşdırılması böyük tarixi və mədəni itkilərə səbəb olub: “Bu abidələr Azərbaycan xalqının milli kimliyini və mədəni irsini yaşadan dəyərli mənbələrdir. Onların məhv edilməsi milli kimliyin izlərini silmək cəhdi hesab olunmalıdır. Xüsusilə məscidlər, məqbərələr, qalalar və qədim şəhərlər bu vandalizm aktlarından zərər çəkib. Beynəlxalq ictimaiyyət və mədəni irsin qorunması ilə məşğul olan təşkilatlar bu məsələyə diqqət yetirməlidirlər”.
C.Hüseynzadə əlavə edib ki, filmin çəkilişlərinə tanınmış tarixçi–araşdırmaçı alimlər cəlb olunub və işlər artıq tamamlanıb. Filmin beynəlxalq auditoriyaya təqdim edilməsi məqsədilə ingilis dilində subtitrlər hazırlanacaq.
Layihə çərçivəsində ötən il istifadəyə verilən “qerbiazerbaycanirsi.az” (www.westernazheritage.com) platformasının da təkmilləşdirilməsi nəzərdə tutulur. Burada Qərbi Azərbaycana aid 250-dən çox tarixi abidə haqqında məlumat, foto və videomateriallar toplanaraq elektron bazaya əlavə ediləcək. Bununla yanaşı, Qərbi Azərbaycan irsinə dair kitablar və filmlər də platformaya yerləşdiriləcək.
“Bu addım Qərbi Azərbaycan abidələri ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə Cəsarət Hüseynzadə vurğulayıb. (AZƏRTAC)
Filmin çəkilişləri ilə bağlı hazırlanan videorolik: https://www.youtube.com/watch?v=IxbW-zotOH0