Biz qazimizlə görüşüb onun həyat və döyüş yolu barədə maraqlandıq. Məlum oldu ki, valideynləri Zəngilan rayonundan olan Fərman Quliyev 31 mart 2001-ci ildə Bakı şəhəri, Sabunçu qəsəbəsində anadan olmuşdur. O, 2007-ci ildə Cəlal Məmmədyarov adına tam orta məktəbin birinci sinfinə daxil olub, 2016-cı ildə IX sinfi bitirərək kimyəvi analiz laborantı ixtisasına yiyələnmək üçün Bakı şəhəri 1 saylı liseyində 3 il oxuyub. 2019-cu ilin 29 iyulunda isə hərbi xidmətə çağırılıb. Həmin ilin avqustunda silahlı qüvvələrdə seçim aparılıb və Fərman XTQ-də xüsusi kurs keçib. 2020-ci ilin sentyabrın 27-də Fərmangilin dəstəsi də döyüşə qatılıb. Qəhrəman döyüşçümüz dostları Hüseynxan Səlimov, Səbuhi Nağıyev, İlyas Allahverdiyev, Kamran Şirinov və b. ilə birlikdə düşmənin başına od yağdırıblar. Qazimiz Füzuli, Cəbrayıl, Şuşa, Xocavənd rayonları və Laçın koridorunda igidlik göstərib. 2020-ci ilin noyabrında Şuşada sağ gözündən yaralanıb, başında isə qəlpələr var.
Bütün bu qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Fərman Quliyev «Hərbi xidmətdə fərqlənməyə görə», «Hərbi xidmətlərə görə», «Kəlbəcərin azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə» medalları ilə təltif olunub.
İsa MUSAYEV