21.07.2025, 18:38
AZ EN
21.07.2025, 09:28 156

AMEA-da “Azərbaycan mətbuatının inkişaf və vəzifələri” adlı konfrans keçirilib

XƏBƏRLƏR
  • AMEA-nın Əsas binasında “Azərbaycan mətbuatının inkişaf və vəzifələri” mövzusunda konfrans keçirilib. Milli mətbuatımızın yaranmasının 150 illiyinə həsr olunan tədbirin iştirakçıları Ulu öndər Heydər Əliyevin və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin büstləri önünə tər gül dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər.

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yola nəzər salıb, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsində Ulu öndər Heydər Əliyevin rolundan danışıb.

AMEA rəhbəri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən satirik mətbuatımızın zirvəsi hesab edilən "Molla Nəsrəddin" ensiklopediyasının ilk dəfə nəşrə hazırlandığını bildirib. Vurğulayıb ki, zəngin irsimizə böyük məhəbbətin bariz nümunəsi olan ensiklopediya şərəfli və məsuliyyətli bir işin nəticəsi kimi olduqca qiymətli və dəyərlidir. O, həmçinin Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən "Ziyayi-Qafqaziyyə", "Ziya", "Kəşkül", "Bəhlul", "Arı", "Mirat", "Məşəl", "Kəlniyyət" kimi mətbuat orqanlarının latın qrafikalı əlifbaya transliterasiya edilərək nəşr olunduğunu söyləyib. Alim bu il ADA Universitetinin dəstəyi ilə “Əfkari-mütəəllimin” məktəbli (1919), “Babayi-Əmir” satirik (1915-1916) və “Məktəb” elmi-pedaqoji (1911-1920) jurnallarının da transliterasiya edildiyini diqqətə çatdırıb. O, uzun müddət tarixi biliklərin əski əlifbada yazılması səbəbindən geniş kütləyə əlçatan olmayan bu jurnalların həm nəzəri bilik, həm də tarixi kontekst baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Çıxışının sonunda akademik İsa Həbibbəyli Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara vacib və məsuliyyətli işlərində uğurlar arzulayıb.

Sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Dövlət Universiteti Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhməd, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri fil.ü.f.d. Ağahüseyn Şükürov, Gəncə Bölməsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov, Əməkdar jurnalist Xalid Niyazov, Şirməmməd Hüseynovun ömür-gün yoldaşı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş mütəxəssisi Ülkər Hüseynova və başqaları çıxış edərək Azərbaycan mətbuat tarixinin zəngin irsindən danışıb, informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə media işçilərinin üzərinə daha böyük məsuliyyətin düşdüyünü bildiriblər.

Sonda akademiyada çalışan bir qrup media işçisinə fəxri fərman və təşəkkürnamələr təqdim olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər