02.08.2025, 11:00
AZ EN
17.07.2025, 09:30 236

Rəvan tanınmış futbolçu olmaq istəyirdi

XƏBƏRLƏR
  • Rəvan kasıb ailədə böyüdüyündən erkən yaşlarından zəhmətə alışmışdı. O, bir çox yerlərdə çalışdıqdan sonra bərbərlik peşəsinə yiyələnmişdi. Rəvanın sevdiyi vardı. Müharibədən sonra onunla ailə qurmaq və kirayədə yaşayan anasına ev almaq arzusundaydı. Rəvanın bir arzusu da tanınmış futbolçu olmaq idi. Rəvan kirayə qaldığı evin yaxınlığında yerləşən Jurnalistlərin binasındakı mini-futbol meydançasına tez-tez gəlir, dostları ilə komanda yaradıb futbol oynayırdı. Onun sürətli oyunu, təkrarsız texnikası hamını valeh edirdi. Yaşıdları ilə oynayan zaman uşaqların əksəriyyəti Rəvanın komandasına düşməyə can atırdı. Çünki Rəvan öz oyunu, inadkar mübarizəsi ilə komandanı arxasınca aparmağı bacarırdı...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Quliyev Rəvan Mərdan oğlunun doğum günüdür. O, 17 iyul 2001-ci ildə Şirvan şəhərində anadan olub. Rəvan Quliyev 2007-ci ildə Bakı şəhər Səbail rayonunun 51 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2013-cü ildə ailəsi Neftcala rayonunun Aşağı Qaramanlı kəndinə köçüb. Rəvan burada orta məktəbin 7-ci sinfinə gedib. 1 ildən sonra onlar yenidən Bakı şəhərinə köçüblər. Rəvan 9-cu sinfi Bakı şəhər Səbail rayonunun 51 saylı məktəbində bitirib.

Rəvan Quliyev 7 yanvar 2020-ci il tarixində Neftcala RHK-dan həqiqi hərbi xidmətə yollanıb. Ordumuzun əsgəri olan Rəvan Quliyev 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. O, Cəbrayıl, Füzuli, Zəngilan və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

Rəvan Quliyev oktyabrın 24-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 25-də Neftcala rayon Astanlı kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Quliyev Rəvan Mərdan oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Rəvan balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər