24.06.2025, 18:44
AZ EN
24.06.2025, 14:05 261

Türkiyəli ekspert: Qərbi Azərbaycana qayıdış Ermənistanın inkişafına təkan verəcək

XƏBƏRLƏR
  • Müasir Ermənistan tarixən türklərin məskunlaşdığı ərazilərində yaradılmış süni bir qurumdur. Bu torpaqlar Səlcuq imperiyası dövründən başlayaraq türk hökmdarlarının nəzarəti altında olub.

Bu fikri Kappadokiya Universiteti (Nevşehir) və Ankara Böhran Vəziyyətlərinin Araşdırılması və Siyasət Mərkəzinin (ANKASAM) təşəbbüsü ilə həyata keçirilən “Qərbi Azərbaycanın son min ili” layihəsi çərçivəsində Qarsdakı Qafqaz Universitetinin professoru Oktay Kızılkaya ifadə edib.

O qeyd edib ki, ermənilər əsrlər boyu Qərbi Azərbaycan ərazilərində azlıq təşkil ediblər və bunu çoxsaylı tarixi mənbələr də təsdiq edir. “Ermənilər öz maraqlarını qorumaq üçün tarix boyu güclü dövlətə xidmət ediblər. Regionda ermənilərin fəal iştirakı ilə heç bir siyasi və hərbi proses qeydə alınmayıb”, -deyə Qafqaz Universitetinin müəllimi bildirib.

Onun sözlərinə görə, müasir Ermənistan ərazisində ermənilərin sayının artması bu torpaqların Rusiya imperiyasının nəzarətində olduğu dövrlə, daha dəqiq desək, 1774-cü il Kiçik Qaynarca sülh müqaviləsinin bağlanmasından sonrakı mərhələ ilə bağlıdır.

Professor diqqətə çatdırıb ki, ermənilərin müasir Ermənistan ərazisinə köçürülməsi XIX əsrin 20-ci illərinin sonlarından - növbəti Rusiya-Türkiyə müharibəsindən sonra intensivləşib. “Rusiya başa düşdü ki, Qərbi Azərbaycana nəzarət olmadan Anadoluya və İrana çıxışı təmin etmək, son nəticədə “İsti dənizlərə” də “pəncərə açmaq” mümkün deyil. Ruslar erməniləri öz maraqlarını təmin etmək üçün alət hesab edirdilər. Məhz buna görə də Cənubi Qafqazın etnik xəritəsinin dəyişdirilməsi və süni şəkildə Ermənistan dövlətinin yaradılması siyasəti həyata keçirildi”.

Ekspert əlavə edib ki, Rusiya imperiyasının bütün səylərinə baxmayaraq, ermənilər uzun müddət Qərbi Azərbaycan ərazisində çoxluq təşkil edə bilməyib. Bunu 1909-cu ilin statistik məlumatları da sübut edir. Buradakı rəqəmlərə əsasən, həmin ərazilərdə əhalinin 54,2 faizini etnik azərbaycanlılar təşkil edirdi.

Türkiyəli professor diqqətə çatdırıb ki, İrəvan şəhərinin özü 1404-cü ildə bölgənin ticarət mərkəzlərindən biri kimi türklər tərəfindən salınıb, XVI əsrin əvvəllərində Səfəvi hökmdarı Şah İsmayıl Xətainin vəzirlərindən biri şəhəri qala divarları ilə əhatə edib.

O.Kızılkaya daha sonra ermənilərin mifoloji “Ermənistan” yaratmaq məqsədlərinə çatmaq üçün azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasəti, törədilən vəhşilik və təzyiqlərdən danışıb.

Türkiyəli ekspert sovet hakimiyyəti dövründə azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiya mərhələlərini də xatırladıb. “Hesablamalara görə, yüz minlərlə azərbaycanlı həmin ərazilərdə deportasiya qurbanı olub. Azərbaycanlıların qayıdışı mədəniyyətlərarası mübadilə üçün təkan olacaq, xalqlar arasında əlaqələrin qurulmasına töhfə verəcək, Ermənistanın özündə sakinlərin rifahını yaxşılaşdıracaq, onun inkişafına təkan verəcək. Yəni, bu prosesdən Ermənistanın bütün sakinləri, o cümlədən ermənilər faydalanacaq”, -deyən professor qeyd edib ki, Qərbi Azərbaycanı tərk etmiş azərbaycanlıların varislərinin bir hissəsi bu gün Anadoluda yaşayır.

Qafqaz Universitetinin professoru vurğulayıb ki, Qərbi azərbaycanlılar əcdadlarının torpaqlarına qayıtmaq, o cümlədən əmlak hüquqlarını təmin etmək üzrə tam hüquqa malikdirlər. (AZƏRTAC)

Oxşar xəbərlər