O, 1994-cü il avqustun 2-də Lənkəran şəhərinin Girdəni kəndində anadan olub. 2001-2012-ci illərdə şəhid Məhəmməd Bağırov adına Girdəni kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra səhhətində yaranmış problemlərə görə onun hərbi xidmətə aparılması təxirə salınsa da, Kənan tezliklə sağalaraq yenidən hərbi komissarlığa müraciət edib. O, 2012-ci ildən Murovda N saylı hərbi hissədə xidmətə başlayıb.
Kənan hərbi xidmətdə olarkən atasının ölüm xəbərini alıb. Güclü iradəyə sahib olan əsgər K.Axundzadə bu xəbərdən sarsılsa da hərbi xidmətini qüsursuz bir şəkildə başa vurub.
2014-cü ildə doğma kəndlərinə qayıdan Kənan anasına atasının yoxluğunu hiss etdirməmək üçün 2020-ci ilədək müxtəlif işlərdə çalışıb. 2020-ci ilin avqust ayından müddətdən artıq hərbi xidmət keçmək məqsədi ilə yenidən ordu sıralarına yazılıb.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsinə könüllü yollanan Kənan döyüşlərdə öz cəsurluğu ilə seçilib. Döyüşçü yoldaşları onu “Rembo” ləqəbi ilə çağırırdılar.
Komandirinin dediyinə görə, oktyabr ayının 30-da döyüşlərin ən qızğın vaxtında Kənan səngərdən çıxaraq düşmənin üzərinə yeriyib və onlardan bir neçəsini məhv edib. Elə həmin üzbəüz döyüşdə də qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdihamla doğma Lənkəranda torpağa tapşırılıb.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Kənan Axundzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad edilməsinə gorə" və "Xocavəndin azad edilməsinə gorə" medalları ilə təltif edilib.
Kənan Axundzadə Vətən uğrunda sinəsini sipər edərək Azərbaycanın Şanlı Zəfər tarixinə qanıyla adını əbədi olaraq həkk elədi. Onun döyüş yolu, müqəddəs amalı bu gün bütün gəncliyimizə bir nümunədir.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!
Mina RƏŞİD