24.06.2025, 20:01
AZ EN
24.06.2025, 13:44 178

Professor Gülçöhrə Məmmədova: Göy məscid Azərbaycan memarlığının nadir incisi idi, 1988-ci ildə yandırılıb

XƏBƏRLƏR
  • Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, memarlıq elmləri doktoru professor Gülçöhrə Məmmədova “İnşaatın müasir problemləri” beynəlxalq elmi konfransında çıxışı zamanı Qərbi Azərbaycanın dini memarlıq irsi ilə bağlı mühüm faktları diqqətə çatdırıb.

Rektor çıxışında tarixi faktlara nəzər salaraq, Rusiya imperiyasının İrəvan xanlığını işğal etməsi ərəfəsində təkcə İrəvan şəhərində 8 məscidin fəaliyyət göstərdiyini söyləyib. O qeyd edib ki, XX əsrin əvvəllərində bu say 12-yə çatmışdı. Məşhur tarixçi İvan Şopenin məlumatına görə, həmin məscidlərdən 2-si İrəvan qalasının içərisində, 6-sı isə – Zal xan, Novruzəli xan, Sərtip xan, Hüseynəli xan, Hacı İnamverdi və Hacı Cəfərbəy məscidləri – qaladan kənarda yerləşirdi.

Rektor Gülçöhrə Məmmədova çıxışında həmin məscidlər arasında memarlıq baxımından ən möhtəşəminin Hüseynəli xan məscidi olduğunu xüsusi vurğulayıb. Divarları göy kaşı ilə örtüldüyünə görə “Göy məscid” adlanan bu tikili Azərbaycan memarlığının nadir incilərindən hesab olunurdu. 1760–1768-ci illərdə Hüseynəli xanın hakimiyyəti dövründə inşa edilmiş məscid 97,2 x 66 metr ölçüləri ilə seçilirdi. Onun həyətində fəvvarəli daş hovuz və sıx kölgəlik yaradan ağaclar yerləşmişdi.

Professor bildirib ki, bu memarlıq abidəsi sovet dövrünə qədər salamat şəkildə gəlib çatsa da, 1988-ci ildə Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən vandalizm aktları çərçivəsində ermənilər tərəfindən yandırılıb. Daha sonra həmin ərazidə kiçik bir məscid inşa olunaraq, onun tarixi kimliyi saxtalaşdırılıb və “Fars məscidi” adı altında təqdim edilib.

Gülçöhrə Məmmədova bu faktı Qərbi Azərbaycandakı memarlıq irsinin məqsədli şəkildə məhv edilməsi və mənimsənilməsi siyasətinin bariz nümunəsi kimi dəyərləndirib və vurğulayıb ki, belə tarixi gerçəkliklərin sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması bu gün mühüm elmi və ictimai missiyadır. (AZƏRTAC)

Oxşar xəbərlər