22.11.2024, 10:24
AZ EN
03.10.2022, 08:00 149

3 oktyabr Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin şəhadətə ucaldığı gündür

XƏBƏRLƏR

Birinci Qarabağ müharibəsinin qəhrəmanı Əliyar Yusif oğlu Əliyev 1957-ci il detabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. 1975-ci ildə orta məktəbi  əla qiymətlərlə bitirərək,  həmin il Azərbaycan  Bədən Tərbiyəsi İnstitutuna  daxil olaraq, oranı fərqlənmə diplomu ilə bitirib. Bir müddət Qubadlı Ryonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Dəfələrlə yunan-roma güləşi üzrə respublika, ümumittifaq və beynəlxalq yarışlarda  qalib gəlib.  Gənc pəhləvan, eyni zamanda bir sıra  mühüm yarışların hakimi və baş hakim olmuşdu. Onun 8 yetirməsi respublika və SSRİ çempionu idi. Bir nəfər isə olimpiya yığma komandasında təmsil olunurdu. Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edib və Əliyar Əliyev həmin universitetdə  iki il müəllim işləyib. Atasının ölümü ilə əlaqədar o, kəndə qayıdır, qəsəbə orta məktəbində müəllim,  “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətində  rayon şöbəsinin məşqçisi vəzifəsində çalışıb. 1985-ci ildən isə könüllü Bətən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilib.

Qarabağ müharibəsi başlayanda isə Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin  sırasına qoşulub. Müharibədə özünü təkcə döyüşçü kimi deyil, eyni zamanda hərbi işin təşkilatçısı kimi göstərməyə başlayıb. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.

1988-ci il fevral ayında  Xankəndindəki ilk erməni mitinqlərindən sonra  Ermənistandan azərbaycanlıların deportasiyası başlanıldı və ilk qaçqın dalğası Qubadlıya da keçdi. Sisyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir olunan azərbaycanlıların bir qismini qubadlılar qəbul etdilər. Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa  düşən erməni təcavüzkarları  burada terror-təxribatlar törətməyə çalışırdılar. Məhz elə

O illərdə Qubadlıda xalq hərəkatının başçısı, demokratik qüvvələrin rəhbəri kimi tanınan Əliyar Əliyev könüllülərdən ibarət təşkil etdiyi tabor camaat arasında  “Pəhləvanlar” taboru kimi də tanınıb. Çünki könüllülərin əksəriyyəti onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət idi. Lakin o, təvazökarlıq göstərib komandir olmur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin  komandiri təyin edilb. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunub. Başarat, Susuzdağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib.

1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. 1991-ci il may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə  bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi  alay düşməni itkilərə məruz qoymuşdu.

Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı soyqırımından bir neçə gün sonra  Gorusun altını üstünə çevirib. Moskva və İrəvan KİV-lərin bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmişdi, İrəvanda keçirilən mitinqlərdə Əliyar Əliyevin və onun  döyüşçüsünə ölüm hökmü çıxarılmışdı.

1992-ci il aprel ayının 16-da “Qara bəbir” ləqəbli  Suriya ermənisi Karlenin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu Laləzar körpüsünü partladıb Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçmişdi. Kəşfiyyat məlumatları nəticəsində bundan xəbər tutan və onların yolunu gözləyən Əliyar Əliyev və döyüşçüləri onları mühasirəyə alaraq dəstəbaşları da daxil olmaqla, 11 düşmən əsgərini məhv etmiş, həmin meyidləri azərbaycanlı əsirlərə dəyişmişdilər.

1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan 3 vertalyotu vurub yerə salan da Əliyar Əliyevin döyüşçüləri olmuşdur. 1992-ci ilin avqust ayında həyata keçirilən Şurnuxu  əməliyyatında da böyük şücaət göstərib.

Birinci Qarabağ müharibəsinin qazisi Sadiq Paşayev müsahibələrinin birində qeyd edib ki, rayon arasındakı yolu kəsib, ermənilərin əlaqəyə girmələrinə mane olurduq. Orada ermənilərin 100 nəfərdən çox canlı qüvvəsi  toplanmışdı. Azərbaycan əsgərləri iki qrup idi – bir bölük və təxminən 40-45 nəfərdən ibarət olan bir tağım. Əməliyyatlar bir neçə gün çəkdi və ermənilər 80-dən çox canlı qüvvə və bir neçə texnika itirdi.

Gorusun Şurnuxu kəndindəki  postu darmadağın edən Əliyar Əliyev və döyüşçüləri  20 rus və erməni silahlısını canlı olaraq ələ keçirmişdi, onlar işğalın son günlərinədək Qafan-Gorus yolunu nəzarətdə saxlamağı da bacarmışdılar. Azərbaycan qüvvələrində bir-iki yaralı var idi və itki verməmişdi. Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı  Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad etdi. Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub.  Tikanlı zəmi yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyevin və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına şəhid oldular.  Əliyar Əliyevə  Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı  fəxri adı verilmişdir.

Bakının Nərimanov rayonunda qəhrəmanın adını daşıyan küçə, Sumqayıtda və digər yerlərdə bulaq abidələri salınıb.

Ruhu şad olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR