Azərbaycanda mina təhlükəsi ilə mübarizə proqramında çalışan Qeyri-Hökumət Təşkilatları beynəlxalq təşkilatlara son günlər ölkəmizdə baş verən mina hadisələri ilə bağlı bəyanat ünvanlayıb. Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib.
Bəyanatın mətnini təqdim edirik:
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməlləri hələ də davam edir. Son günlər Füzuli, Tərtər və Xocavənd rayonlarında 2 nəfərin ölümü, 4 nəfərin isə ağır yaralanması ilə nəticələnən mina insidentlərinin baş verməsi də bu əməllərin davamıdır.
Biz vətəndaş cəmiyyəti qurumları olaraq son günlər baş verən və mülki vətəndaşlarımızın ölümü ilə nəticələnən mina hadisələrindən dolayı böyük narahatlıq hissi keçiririk. Düşünürük ki, əgər Azərbaycanın bəşəri mina probleminə dünya ictimaiyyəti ciddi yanaşmazsa, beynəlxalq səviyyədə buna hüquqi qiymət verilməzsə, hər ötən gün insanlığa qarşı yönəlmiş bu cinayət daha da dərinləşəcək və daha çox insanın həyatına son qoyacaq. Çox təəssüf ki, baş verən mina partlayışları bu problemin təhlükəsinin ciddiyyətini və tərəfimizdən edilən çoxsaylı çağırışların, verilən mesajların və bəyanatların əhəmiyyətini bir daha təsdiq edir.
Hazırda erməni təxribatçıları işğaldan azad edilmiş ərazilərimizə gizli yollarla daxil olur və həmin sahələri minalayırlar. Sentyabrın 12-13-də Azərbaycan – Ermənistan sərhədində baş verən döyüşlərin səbəblərindən biri də bu təxribatla bağlıdır. Yeri gəlmişkən, həmin ərazilərə baxış keçirilərkən ermənilərin yenidən minlərlə mina basdırdıqları aşkarlanıb.
Təsadüfi deyil ki, 2020-ci ilin 10 noyabr Bəyanatından sonra indiyədək əksəriyyəti mülki şəxslər olmaqla 230-dan çox vətəndaşımız mina hadisəsinin qurbanı olub. Onlar arasında həmin ərazilərdə xidmət aparan sosial-infrastruktur layihələrinin işçiləri və hərbi qulluqçular da var.
Hazırda dünya ictimaiyyəti Ermənistanın qanunsuz yollarla Azərbaycan ərazilərini yenidən minalamasına göz yumur və susqunluq nümayiş etdirir. Vətəndaş cəmiyyəti təşkilatları olaraq beynəlxalq təşkilatların, donorların ölkəmizin mina probleminə, təəssüf ki, etinasız yanaşmasının şahidi oluruq. Biz BMT və onun agentliklərinə, beynəlxalq təşkilatlara, o cümlədən donorlara, investorlara müraciət edir və Azərbaycanın qlobal mina probleminin həllinə dəstək olmağa çağırırıq.
Beynəlxalq təşkilatları Ermənistan tərəfinin əsassız və münaqişəni yenidən qızışdırmaq, beynəlxalq birlik arasında ədavəti alovlandırmaq kimi təxribat tədbirlərinə deyil, regionda barışın, sülhün və dayanıqlı inkişafın dəstəklənməsi, etimad mühitinin yaradılması naminə fəaliyyətlərin təşviq edilməsinə çağırırıq! Bu xüsusda erməni hərbi birləşmələri tərəfindən minalanmış ərazilərin, eləcə də xüsusi partladıcı vasitələrdən istifadə edilməklə partlayış tələləri qurulmasına etiraz etməli və hüquqi qiymət verməlidirlər”. (AZƏRTAC)