28.03.2024, 15:02
AZ EN
24.01.2023, 17:00 282

35 illik yurd nisgili...

XƏBƏRLƏR
  • 1988-ci ilin əvvəlindən Amasiya rayonundakı dövlət qurumlarına ermənilərin təyinatı geniş vüsət almışdı. Təsəvvür edin, Conik Melikyan adlı erməni Amasiya rayonunda milis rəisi təyin olunmuşdu. Sonradan bildik ki, sən demə o, həm də “Daşnaksütyun” terror partiyasının rayon şöbəsinin sədridir. Qəsəbədəki orta məktəbin direktoru Avedik Aşotyanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı yaradılan “Krunq” rayon təşkilatının rəhbəri, rayonun rəhbərliyindəki Varges Avdalyan, Srap Xaçaturyan, Heriknaz Ağayan və başqalarının “Miatsum” hərəkatının yerli “lider”ləri olması da sonradan məlum oldu.

Bunu əslən Qərbi Azərbaycanın Amasiya rayonundan olan Nüsrət Məmmədov deyib.

Amasiyanın Qaraçanta kəndində anadan olan həmsöhbətimiz azərbaycanlıların hələ uzun illər öncə erməni nifrəti ilə, barbarlığı ilə üz-üzə qaldıqlarını söyləyir: “Valideynlərim Dronun rəhbərlik etdiyi erməni silahlı dəstələrinin rayondakı barbarlığından danışardılar. İnsan cildindəki bu vəhşilərin viran qoyduğu 10-na yaxın kəndin xarabalıqlarını mən öz gözlərimlə görmüşəm. Onlar kəndlərin sakinlərini süngüdən keçirmişdilər”.

Nüsrət Məmmədov 1988-ci ilin ortalarında vəziyyətin tamamilə nəzarətdən çıxdığını bildirir, silahlı ermənilərin kəndlərə hücumunu yada salır, sakinlərin düşdüyü çıxılmaz vəziyyətdən danışır: “II dünya müharibəsi əlili, SSRİ-nin yüksək döyüş mükafatları ilə təltif olunan Abdulla kişinin Leninakan şəhərində vəhşicəsinə döyülməsi, Qaraçanta kəndində 17 yaşlı Babək Haqverdiyevin qətlə yetirilməsi azərbaycanılarda yaranan ümidsizliyi daha da artırmışdı”.

Həmin vaxt Amasiya rayonunun əhalisinin 70 faizinin azərbaycanlılardan ibarət olduğunu xatırladan Nüsrət Məmmədov 1988-ci ilin payızında doğma el-obasından qaçqın düşüb və 35 ildir ki, o yerlərin nisgili ilə yaşayır.

Qərbi Azərbaycana qayıdacağı günü səbirsizliklə gözləyən insanların arzularının gündəmə gəlməsinin bütün həmyerliləri kimi, onda da nikbinlik yaratdığını deyən Nüsrət Məmmədov əmindir ki, Prezident İlham Əliyevin “Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar” sözləri də tezliklə reallaşacaq. (AZƏRTAC)

Oxşar xəbərlər