Bu fikirləri Türkiyənin Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) rəhbəri, sabiq səfir Alev Kılıç Ankarada türk-erməni münasibətlərinin tarixinə həsr olunmuş konfransda ifadə edib.
Müxtəlif illərdə Türkiyənin İsveçrə və Meksikadakı səfiri vəzifəsində çalışmış, 2013-cü ildən AVİM-ə rəhbərlik edən A.Kılıç qeyd edib ki, ermənilər onların kimliyinə və dininə qarışmamaq şərti ilə güclü dövlətlərə xidmət etməyə öyrəşiblər. Eyni zamanda, həmin güclər zəifləməyə başlayan kimi, ermənilər dərhal daha güclü, qüdrətlənən ölkələrin tərəfinə keçirlər.
“Osmanlı imperiyası dövründə də məhz belə olub. Ermənilərin dövlətə münasibətindəki dəyişiklik 1699-cu il Karlovits sülh müqaviləsi imzalandıqdan dərhal sonra, Osmanlı imperiyasının ilk dəfə böyük əraziləri verdiyi zaman hiss olunmağa başlayıb”, -deyə AVİM rəhbəri bildirib.
Mərkəz rəhbəri hesab edir ki, Ermənistanın Rusiyadan uzaqlaşmağa, ABŞ və Avropa İttifaqına yaxınlaşmağa başladığı bu gündə də oxşar vəziyyət yaranır. “Qərbə yaxınlaşmaq üçün Ermənistana Türkiyənin simasında “əlaqələndirici” lazımdır. Ankara ilə dialoq olmadan və Türkiyə-Ermənistan sərhədləri açılmasa, İrəvan qərbyönlü kurs həyata keçirə bilməyəcək", - o bildirib. A.Kılıç, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə ilə dialoqa hazır olması ilə bağlı açıqlamalarına diqqət çəkib. “Təbii ki, Paşinyanın sözləri müsbətdir, lakin onların arxasında heç bir hərəkət yoxdur. Faktiki olaraq, İrəvan normallaşma istiqamətində real addımlar atmır, bəyanatlar isə sadəcə asanlıqla unudula bilən sözlərdir", -deyə ekspert bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə sərhədi açmaq istəyini bəyan edən İrəvan Zəngəzur dəhlizinin əleyhinədir.
“Ankara Bakının Ermənistan konstitusiyasının hazırkı variantının dəyişdirilməsi tələbini tam dəstəkləyir. Əminəm ki, Ermənistandan real hərəkətlər olmasa, İrəvan Ankaradan normallaşma istiqamətində birtərəfli addımlar gözləməməlidir", - deyə AVİM rəhbəri sözlərini yekunlaşdırıb. (AZƏRTAC)