Elm və texnikanın inkişaf etdiyi, dövlətlərin bir-birilə münasibətlərinin daha da artdığı informasiya əsrində dünyanı tərcüməçisiz təsəvvür etmək çətindir. Azərbaycan da dünyanın bir parçası olduğundan bu peşə bayramı hər il ölkəmizdə də qeyd edilir.
Azərbaycan Dövlət Tərcümə Mərkəzi Prezident İlham Əliyevin 23 may 2012-ci il tarixli Sərəncamı ilə yaradılıb. Mərkəzin fəaliyyətinin məqsədi dövlət dilindən düzgün istifadə və tərcümə işinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsindən, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılmasından və təbliğindən ibarətdir.
Dil bilmək başqa mədəniyyətləri öyrənmək, insanlarla ünsiyyət və dünyanı tanımaq baxımından da vacib bir işdir.
Onu da xüsusi olaraq qeyd edək ki, dilimiz bu gün bizə düşmən kəsilən qonşumuz Ermənistanda ibtidai sinifdən tədris edilir. Bunun özü də bizim üçün bir çağırış, siqnal deməkdir. Çünki düşmənimizi yaxşı tanıyır və bunun nə demək olduğunu bilirik. Dil də ideoloji bir silahdır. Ona görə də biz özümüzün, dostlarımızın və düşmənlərimizin dilini yaxşı bilməliyik ki, sabah bu sahədə əliyalın, silahsız qalmayaq.
Mina RƏŞİD