25.04.2025, 09:03
AZ EN
18.01.2024, 15:06 338

Zəngilanda daha 5 bina, 243 fərdi ev tikiləcək

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işləri ilə bağlı daha bir iri tender elan edilib.

"Vətən səsi" xəbər verir ki, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin elan etdiyi açıq tender Zəngilan rayonunun Ağalı kəndinin birinci fazasının ikinci mərhələsi və həmin yaşayış məntəqəsində ikinci faza üzrə yenidənqurma layihəsi çərçivəsində tikinti işlərini nəzərdə tutur. Bu tender çərçivəsində aparılacaq tikinti işlərinə 243 fərdi yaşayış evin tikintisi, 2 ədəd 2 mərtəbəli inzibati binanın tikintisi və 3 ədəd 3 mərtəbəli yaşayış binasının tikintisi aiddir.

Müsabiqə 2023-cü il dekabrın 29-dan elan edilib, tələb olunan sənədlərin təqdim edilməsi fevralın 2-də başa çatacaq.

Tenderdə iştirak üçün ciddi tələblər qoyulub ki, bunlara yalnız böyük, artıq uzun illər ölkədə tikinti işləri ilə məşğul olan şirkətlər cavab verə bilərlər. Tenderə yalnız o şirkətlər qatıla bilər ki, baş podratçı kimi son 3 il (2020-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 50 milyon manatdan az olmayan, müraciət edənin hissəsi isə ən azı 25 milyon manat olan və oxşar işi əhatə edən ən azı 3 sifarişi qənaətbəxş şəkildə icra etmiş olsun.

Bundan başqa, son üç il ərzində tikinti quraşdırma işləri üzrə ən azı 50 milyon manat dövriyyə tələb olunur.

Elxan SALAHOV

Oxşar xəbərlər