21.09.2024, 00:35
AZ EN
02.08.2023, 17:55 247

Erməni sakinlər Bakı ilə təmasların sürətləndirilməsini istəyir

XƏBƏRLƏR

Qarabağ bölgəsində yaşayan sadə ermənilər Azərbaycan  vətəndaşlığı almaq üçün Bakıya zəng edirlər

  • Ermənistanla şərti dövlət sərhədinin Laçın yolu hissəsində nəzarət buraxılış məntəqəsinin qurulmasından sonra Qarabağda yaçayan ermənilər arasında Azərbaycana inteqrasiya məsələsi tez-tez gündəmə gəlir. Vəziyyətin ciddiliyini anlayan Ermənistan hökumətinin nümayəndələri də rəsmi Bakı ilə danışıqların qaçılmaz olması barədə Xankəndidəki separatçılara açıq və ya dolayı yollarla mesajlar verir.

“Vətən səsi” xəbər verir ki, “Laçın” postu ətrafında gedən proseslər fonunda aylardır davam edən problemin Xankəndi ilə Bakı arasında dialoq çərçivəsində həll edilə biləcəyi ilə gözləntilər güclənməkdədir. Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Qarabağ bölgəsində yaşayan əhalinin Azərbaycana inteqrasiyasının sürətləndirilməsini, rəsmi Bakı ilə təmasların qurulmasını və dialoqun başlanması istəyən etnik ermənilərin sayı gündən-günə artır. Hətta Qarabağda yaşayan erməni sakinlər Bakıya zəng edərək bununla bağlı  arzu və istəklərini açıq şəkildə ifadə etməkdən çəkinmir.

Bu faktı Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi”nin rəhbəri Dilarə Əfəndiyeva da təsdiqləyib. O, Modern.az-a açıqlamasında deyib ki, Qarabağda yaşayan erməni sakinlər üçün Bakıda yaradılmış “Qaynar xətt”ə 100-ə yaxın belə müraciət daxil olub. Onun sözlərinə görə, “Qaynar xətt xidmətinə zəng edən ermənilərin bir çoxu Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini deyiblər.

Dilarə Əfəndiyeva onu da bildirib ki, Bakıya zəng edən ermənilər arasında Rusiya sülhməramlılarından şikayətlənənlər də olub. Belə ki, bəzi erməni sakinlər "Qaynar xətt"ə zəng edərək, rusiyalı hərbçilərin onlardan rüşvət aldığını bildiriblər: “Əvvəlki aylarda “Qaynar xətt”imizə 100-ə yaxın müraciət daxil olub. Ermənilər əsasən Azərbaycan vətəndaşlığına keçməklə bağlı müraciət edirlər. Onlar soruşurlar ki, Azərbaycan vətəndaşlığına necə keçmək olar, vətəndaşlıq aldıqdan sonra onların hansı hüquqları təmin olunacaq. Bir də onlardan rüşvət istənilməsi barədə bizə müraciətlər edilib. Ermənilər Laçın yolundan keçmək üçün Rusiya sülhməramlılarının onlardan rüşvət istədiyini diqqətə çatdırıblar”.

Xatırladaq ki, Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlər üçün “Qaynar xətt” xidməti ötən il dekabrın 16-da Azərbaycanda yaradılıb. Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi”nin rəhbəri Dilarə Əfəndiyevanın təşəbbüsü ilə yaradılan “Qaynar xətt”ə müraciət edənlərin məxfiliyinə tam zəmanət verilir.

Politoloq Elxan Şahinoğlu “Qaynar xəttə” müraciət edən ermənilərin arasında Azərbaycan vətəndaşlığını qəbul etmək istəyini “çox ciddi hadisə” kimi dəyərləndirir. Onun sözlərinə görə, Qarabağda yaşayan erməni sakinlərdən belə təşəbbüslərin gəlməsi sülhün əldə olunmasına mühüm töhvə verə bilər.

 

Politoloq hesab edir ki, Qarabağdakı separatçıların girovuna çevrilmiş və çətin vəziyyətdə yaşayan sadə ermənilərin Bakıya zəng edərək Azərbaycan vətəndaşlığı almaq istəməsi həm də Xankəndidəki qondarma hökumətə ciddi mesajdır: “Qarabağ ermənilərindən 100 və ya 50 nəfəri Azərbaycan vətəndaşlığına keçmək istədiyini bəyan edərsə, bu yolla da qısa müddətdə separatizmin kökünü kəsmək mümkündür”.

Elxan Şahinoğlunun Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığının verilməsi prosesinin necə tənzimlənə biləcəyi ilə bağlı konkret təklifləri də var. Onun sözlərinə görə,  “Laçın” sərhəd keçid məntəqəsi yaxınlığında və ya Şuşada Asan Xidmət Mərkəzi fəaliyyətə başladıqdan sonra Azərbaycan pasportu almaq istəyən erməniləri bu ünvanlara istiqamətləndirmək olar: “Eyni zamanda Azərbaycan pasportu və vətəndaşlığını qəbul edən ermənilərin hansı üstünlüklər qazanacağı təbliğatını gücləndirmək lazımdır. Qarabağ ermənilərinə o da izah edilməlidir ki, Azərbaycan vətəndaşlığı və pasportu onların bu bölgədə rahat yaşamalarının yeganə alternatividir, əks halda Qarabağı tərk etməkdən başqa seçimləri qalmayacaq. Digər tərəfdən, 50 və ya 100 erməni Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra onlara təzyiq edilərsə, bunun özü onları radikallardan qorumaq üçün Azərbaycan hərbi qüvvələrinə Xankəndinə daxil olmasına şərait yaradacaq”.

Yeri gəlmişkən, Prezident İlham Əliyev ötən axşam “Euronews” telekanalında yayımlanan müsahibəsində Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində yaşayan etnik ermənilərə bununla bağlı mesaj verib. Dövlət başçısı Qarabağ bölgəsində yaşayan ermənilərə səslənərək deyib ki, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər: “Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”.

Elxan SALAHOV

Oxşar xəbərlər