24.06.2025, 15:10
AZ EN
07.05.2025, 09:55 249

Bu gün şəhid Kazım Məmmədsalahovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən maharibəsinin qəhrəman şəhidi Kazım Sahib oğlu Məmmədsalahovun doğum günüdür. O, 1989-cu il may ayının 7-də Şəki rayonunun Qoxmuq kəndində anadan olub. Orta təhsilini Qoxmuq kənd orta məktəbində alıb. 2005-2006-cı illərdə həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən tərxis edildikdən sonra fərdi təsərrüfatla məşğul olub. Vətənpərvər bir gənc olan Kazım 2012-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində kurs keçdikdən sonra müddətdən artıq xidmətə başlayıb. 2015-ci ildən 2020-ci ilə qədər fərdi əməklə məşğul olub. 2020-ci ilin aprel ayından təkrar MAXE kimi ordu sıralarında xidmətə başlayıb.

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı ön cəbhədə döyüşüb. Kazım Tərtər istiqamətində, Suqovuşanda şərəfli döyüş yolu keçib. 2020-ci il oktyabr ayının 15-də qanlı döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Ailədə bir bacı və üç qardaş olublar. Evli idi, Aylin adında bir qızı Vətənə yadigar qalıb.
İgid Vətən oğlu Kazım Məmmədsalahovun doğmaları ondan ayrılığa nə qədər kədərlənsələr də, belə bir qəhrəman övlad ilə qürur hissi keçirirlər.
Şəhidimizin bacısı Hüsniyyə xanım deyir ki, hələ kiçik yaşlarından qardaşımın vətənə sevgisi böyük olub. O, çox zəhmətkeş idi. Vətənə olan sevgi onu hərbçi olmağa sövq etmişdi. Ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad olması idi. Şükürlər olsun ki, qardaşımın arzusu həyata keçdi. Əminəm ki, bu sevinci onun ruhu yaşayıb.
Kazımın bütün doğmaları onun haqqında iftixarla danışırlar. Deyirlər ki, Kazım bizim üçün qürur mənbəyidir. Həyat yoldaşı və körpə qızı üçün çox mehriban və qayğıkeş bir ailə başçısı idi. Çətin həyat şəraiti keçirməsinə baxmayaraq, həmişə başqalarına kömək göstərirdi. Arzuları böyük idi. İki qız övladı vardı. Kiçik qızının ürək qüsuru nəticəsində vəfatından sonra böyük qızı Aylinin uşaq həkimi olmasını arzulayırdı. Səbirsizliklə qızının ilk dəfə dərsə gedəcəyi günü gözləyirdi. Qızına məktəb paltarları və çanta alanda Kazımın sevincinin həddi-hüdudu yox idi. Ancaq taleyin hökmü ilə bu ona qismət olmadı.
Şəhidin həyat yoldaşı Lalə Məmmədsalahova bildirir ki, Kazım haqqında danışmaq mənim üçün çətin, lakin şərəflidir. Şəhidlik zirvəsinə yüksəlmək hər döyüşçüyə nəsib olmur. Kazım vətənini sonsuz məhəbbətlə sevən, doğma yurda bağlı bir hərbçi idi. Elə bu Vətən sevgisi onu yenidən 5 il əvvəl işlədiyi “N” saylı hərbi hissəyə aparmışdı. Tez-tez hərbi təlimlərdə iştirak edirdi. Ancaq heç vaxt işinin ağırlığından şikayətlənməzdi. Mingəçevir şəhərində mənzil kirayə etmişdik. Biz 5 yaşlı qızımız Aylin ilə xoşbəxt yaşayırdıq. Hərbi hissə xeyli uzaqda yerləşirdi. Kəskin karantin şərtləri də evə gedib-gəlməyə çətinlik törədirdi. Bütün bunlara baxmayaraq vaxtı olan kimi bizə baş çəkərdi. Kazım əsl ailə başçısı idi. Mən və qızım həmişə onun diqqət və qayğısını öz üzərimizdə hiss etmişik. Həmişə işdən sonra evə gələndə oturub bizimlə söhbətləşərdi. Son zamanlar vətənpərvərlik haqqında danışar, şəhidlik zirvəsinin ən ali məqam olduğunu deyərdi. Şəhid olacağı təqdirdə qızımızın gələcəyi barədə tövsiyələr verərdi. Sanki şəhid olacağını əvvəlcədən bilirdi. Hər dəfə evdən çıxanda “Qızım sənə əmanət” - deyərdi. Sonuncu dəfə sentyabrın 25-də evdən çıxanda bizimlə elə vidalaşdı ki, sanki sonuncu görüşü olduğunu bilirdi.
Sentyabrın 27-də müharibənin başladığını eşidəndə çox narahat oldum. Elə həmin gün Kazım bizimlə telefon əlaqəsi saxladı və bu onun son zəngi oldu. Günlərlə onun zəngini gözlədim. Oktyabrın 16-da isə şəhid  xəbərini eşitdim. Elə həmin gün mənfur düşmənin snayper gülləsinə tuş gəlmişdi. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Qazilərimizə şəfa diləyirəm.
Şəhidimiz Kazım Məmmədsalahov Şəkinin Qoxmuq kənd qəbiristanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb. Ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə döyüşdə göstərdiyi şücaətlərə görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər