İkinci Qarabağ müharibəsinin qazisi, baş leytenant Cavad Qələndərli Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb. O, ağır döyüşlər zamanı onurğa sütunundan qəlpə yarası alıb. Baş leytenant bir müddət əvvəl “Yaşat” Fondunun dəstəyi ilə Türkiyədə müalicə alıb. Hazırda isə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda müalicəsini davam etdirir. Lakin bir neçə gündür ki, qazimiz bu məkana yalnız müalicə üçün deyil, həm də işə gəlir. O deyir ki, burda mənə iş təklifi etdilər. İş təklifini qəbul elədim və bir-iki gün ərzində işə qeydiyyata aldılar və işə başladım. Hazırda bir həftədir burda işləyirəm. Heç bir problem yoxdur, işimdən razıyam. Mən həm müalicəm üçün, həm də mənə iş verdiklərinə görə müəssisəyə dərin təşəkkürümü bildirirəm.
Qazimiz artıq bir həftədir ki, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda qeydiyyat şöbəsində çalışır. Deyir ki, bunu gözləmirdim. Mənə bu iş təklifi olunanda düşünmədən razılıq verdim. Özümə qarşı kompleksim vardı, yəni mən işləyə bilmərəm, alınmaz, olmaz. Amma iş təklif olunanda baxdım ki, yox, məni buranın işçisi kimi görürlərsə işləyə bilərəm kimi qəbul edirlərsə niyə də işləməyim. O, əlavə edib ki, fiziki məhdudiyyəti onun işinə mane olmur, həyat davam edir.
Tahirə AĞAMİRZƏ