Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Mahsun Zahir oğlu Bağırzadənin doğum günüdür. O, 1996-cı ildə Lənkəran rayonunun Xanbulan kəndində doğulub. 2020-ci ilin iyulunda Tovuzda baş vermiş döyüşlər zamanı könüllü Orduya yazılıb. Sentyabrın 27-də başlanan əks-hücum əməliyyatı zamanı döyüşlərə qatılıb.
Onun şərəfli döyüş yolu Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarından keçib. 2020-ci il oktyabr ayının 22-də Qubadlı rayonunun "Yazı düzü" adlanan ərazisində qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik məqamına yüksəlib.
Şəhidimiz 4 noyabr 2020-ci il tarixində doğulduğu qəsəbənin Pir Yaqub ziyarətgahında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Mahsun Bağırzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medallarına layiq görülüb.
Mahsun canından əziz bildiyi vətən torpağına tapşırılarkən onunla vidalaşmağa gələnlərin sayı-hesabı yox idi. Rayon rəhbərliyi, hərbi komissarlıq, işlədiyi AMEA Lənkəran REM-nin kollektivi, rayonun sayılıb seçilən ziyalıları və əlbəttə, dogma kəndin sakinləri qəhrəman övladlarını yola salmağa gəlmişdilər…
Mahsunun şəhid olması xəbəri çalışdığı AMEA Lənkəran Regional Elmi Mərkəzində də böyük hüzn, həm də qürurla qarşılanmışdı. Lənkəran REM-nin direktoru, professor Fərman Quliyev Mahsunun işgüzar olmaqla yanaşı, hamının hörmət bəslədiyi, verilən bütün tapşırıqları həmişə yüksək səviyyədə yerinə yetirdiyini söyləyib: “Çalışqanlığı ilə böyükdən-kiçiyə hamının hörmətini qazanmışdı. Belə gənc yetişdirdiyinə görə Bağırzadələr ailəsinə minnətdarlığımı bildirirəm”.
Professor mərkəzdə onun xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb. Sonra da buna əməl olunub.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qhrəman şəhidim!
Mina RƏŞİD