13.06.2025, 20:35
AZ EN
22.05.2025, 17:14 312

Böyük siyasətin qələbə tacı

XƏBƏRLƏR
  • 27 sentyabr 2020-ci il... O gün dövlətimizin yaxın və uzaq hədəfləri, xalqımızın 7-dən 77-yə arzu və məqsədləri Vətən müharibəsinə başlamaq üçün Ali Baş Komandan İlham Əliyevin döyüş imzasına mürəkkəb oldu. Cənab Prezident qətiyyətini, dəmir iradəsini, siyasi uzaqgörənliyini qızıl qələm timsalında bu mürəkkəbə batırıb Vətən müharibəsinə imza atdı. O zaman bütün dünyanın gözü Azərbaycana dikilmişdi. Bu baxışlarda hər cür məqsəd var idi. Bütün bu baxışların mənbəyini və mənsəbini bilən cənab Prezident bir yaydan eyni vaxtda üç ox ataraq vətənimizə dikilən xain gözləri kor etdi. Bu tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyümüzün bərpası idi. Bu həm də dünyanın xalqımıza yönəlmiş 30 illik daşlaşmış siyasətini əritmək idi. Bu daşı əridən siyasi iksirin formulasını hazırlayan cənab Prezident bu məsələdə böyük siyasətin ən kiçik məqamlarını belə nəzərdən qaçırmamışdı. Nəzərə alsaq ki, liderin gücü dövlətin ən çətin anlarında üzə çıxır,  onda Cənab Prezidentimizin Vətən müharibəsi dövründə  yürütdüyü siyasəti II Dünya müharibəsi illərində bütün Avropanın siyasi və hərbi nizamını saxlayan İngiltərənin Baş Naziri olmuş U.Çörçilin yürütdüyü siyasətlə müqayisə etsək yanılmarıq.

Belə ki, Qafqaz dövlətləri və Qafqaz xalqlarının əminamanlığı hər zaman Azərbaycan dövlətinin iqtisadi cəhətdən strateji hədəflərinə bağlı olduğundan bütün Qafqazın gələcəyi də Ermənistanla Azərbaycan arasında gedən 44 günlük Vətən müharibəsinin nəticəsindən asılı idi. Bunu tarixi qələbəmizdən sonra dövlətimizin öndərliyi ilə bölgədə başlanan yeni siyasi eranın uğurlu nəticələri də təsdiq edir.

Tarixi qələbəmizə qədər dövlətimiz 30 illik uzun bir yol gəldi. Bu illər ərzində ölkəmiz bir neçə dəfə yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. O zaman xalqın taleyinə günəş kimi doğan Ulu Öndər Heydər Əliyev öz həyatını təhlükəyə atmaq bahasına dövlətimizi yox olmaqdan qurtardı, qorudu və yenidən yaratdı. Bu böyük yolun layiqli davamçısı cənab Prezident İlham Əliyev Ermənistanın işğalçı siyasətinə və dünyanın ikili standartına 17 il səbrlə dözdü. Lakin bu gün qalib liderin səbri təkcə dözümdən ibarət deyildi. O, həm də bu 17 il ərzində müharibə olacağı təqdirdə qələbəmiz üçün  dövlətimizin mənəvi, sosial-iqtisadi və hərbi inkişafını təmin etməklə yanaşı beynəlxalq münasibətlər sistemində də haqlı mövqeyini möhkəmləndirdi. Buna aşağıdakıları daxil etmək olar:

Birincisi, vətənpərvərlik ruhunun diri tutulması orta məktəblərdə, universitetlərdə, mədəni-ictimai tədbirlərdə vətənpərvərlik ideologiyasının dövlət tərəfindən daim diqqətdə saxlanılması;

İkincisi, ölkədə güclü sosial inkişafın bərqərar olması – sosial-iqtisadi stabillik, böyük xarici investorların Azərbaycana cəlb olunması, milli iqtisadiyyatın inkişafına münbit şəraitin yaradılması;

Üçüncüsü, Azərbaycanın mükəmməl hərbi hazırlığı, ordunun müasir silahlarla təminatı və xalq ordu birliyinin təşkili;

Dördüncüsü isə milli maraqlar üzərində yürüdülən xarici siyasət və beynəlxalq münasibətlər sistemində siyasi mühiti ölkəmiz üçün əlverişli məqama hazırlamaq.

Bütün bunları səbrlə, mərhələ-mərhələ hazırlayan cənab Prezident onu da çox gözəl bilirdi ki, o, hərb meydanında Ermənistanla üz-üzə olsa da, informasiya meydanında düşmənə himayədarlıq edən böyük dövlətlərlə də üz-üzədir. Lakin bütün bunlar böyük Liderin əzmini zərrə qədər də olsun sarsıda bilmədi. Çünki cənab Prezidentin özünün də: “Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, edirik və edəcəyik” kimi dediyi sözlər, əslində, cəsur xalqımızın və ulu tariximizin adından bir qəhrəmanlıq nidası idi.

Müharibənin ən ağır və çətin vaxtlarında belə cənab Prezidentin doğru qərarları və ədalətli mövqeyi ona yuxusuz gecələrini unutdururdu.

44 günlük Vətən müharibəsi ərzində cənab Prezidentin bir çox dillərdə xarici telekanallara verdiyi müsahibələrin hər birində xarici ölkələrin ölkəmizə olan məkrli münasibətlərinin mənzərəsi aydın şəkildə ifadə olunurdu. Təkcə bu müsahibələri dinləmək kifayət edir ki, müharibə dövründə bizi istəməyən dövlətlərin səf tutduğu cərgədə necə böyük dövlətlər yer alıb. Cənab Prezidentin beynəlxalq informasiya məkanında öz güclü məntiqi ilə düşmənlərin əks təbliğat maşınını darmadağın edərək onların qarşısında siyasi iradə göstərməsi həm də ondan xəbər verirdi ki, Ermənistana havadarlıq edən ölkələrin bütün təzyiqlərinə baxmayaraq işğalda olan torpaqlarımız tam azad olmayana qədər “dəmir yumruq” yerində olacaqdır.

Bu da öz növbəsində xalqın Prezidentinə olan sonsuz inam və məhəbbətindən, Prezidentin də xalqına olan böyük sevgisindən qaynaqlanırdı.

Müharibəyə məhz bu cür mükəmməl hazırlıq Şuşada qələbə günəşini doğurdu. Bu günəşin dan yeri isə Ulu Öndər Heydər Əliyevin müzəffər lider İlham Əliyevə “Ata vəsiyyəti” idi. Cənab Prezidentin sevinc göz yaşları içində “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” – sözləri isə xalqımızın ürəyindəki 30 illik həsrətə su səpdi və bu ayrılığa əbədi son qoydu.

II Qarabağ müharibəsində 3000-ə yaxın şəhid verən xalqımız doğma torpaqlarımızı işğaldan azad etməklə öz qüruruna Zəfər tacını qoydu. Elə bir tac ki, onu zinəti əbədiyyətədək bütün nəsillərimizin qürurunu bəzəyəcəkdir.

Artıq qələbənin işığında öz doğma torpaqlarımıza qayıdan xalqımız öz tarixi haqqının şərəfini yaşayır. Bu şərəfi xalqımıza bəxş edən cənab Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz öz suveren sərhədləri daxilində yeni işıqlı həyatını yaşayır.

Mütalib MƏMMƏDOV,

Laçın rayonundan məcburi köçkün

Oxşar xəbərlər