12.03.2025, 15:08
AZ EN
24.06.2023, 09:35 372

Balakənin 18 yaşlı qəhrəmanı

XƏBƏRLƏR
  • 44 günlük şanlı Vətən müharibəsinin qəhrəmanlarından biri də 18 yaşlı şəhid əsgər Məhəmməd Ramazan oğlu Murtuzovdur. O, 2002-ci il iyunun 24-də Balakən rayonunun Xalatala kəndində anadan olub. 2008-2019-cu illərdə Xalatala kənd tam orta məktəbində təhsil alıb. 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Məhəmməd Murtuzov Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı ordumuzun mərd əsgəri kimi Məhəmməd də silaha sarıldı. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

Məhəmməd Murtuzov 2020-ci il oktyabrın 9-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və el məhəbbəti ilə doğulduğu Balakən rayonunun Xalatala kəndində torpağa tapşırılıb.

Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Məhəmməd Murtuzov ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

18 yaşında özünü Vətənə fəda edərək Zəfər tariximizə qanıyla imzasını həkk edən Məhəmməd Murtuzovun bu gün doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Məhəmməd balamız!

Mina RƏŞİD 

Oxşar xəbərlər