Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Gözəlov Murad Zabil oğlunun doğum günüdür. O, 1995-ci il may ayının 12-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 2001-ci ildə Şəmsəddin Orucov adına Həsənabad qəsəbə tam orta məktəbinə daxil olub. 2010-cu ildə həmin məktəbdən məzun olduqdan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə Neft və Qaz emalı fakültəsinə qəbul edilib. 2014-cü ildə təhsilini bitirib.
Murad Gözəlov 2014-cü ildə hərbi xidmətə yollanaraq Tərtər şəhərinin Xüsusi Təyinatlı Kəşfiyyat taborunda qulluq edib. Hərbi xidməti ərzində baş kəşfiyyatçı kimi xidmət edib. O, 2016-cı ildə hərbi xidmətini uğurla başa vurduqdan sonra müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin mart ayından "Neftçala Operating Company LTD" şirkətində operator olaraq işə başlayıb. Karyerasında daim uğur qazanan Murad, neftin hazırlanması və sabitləşdirilməsi üzrə mütəxəssis vəzifəsinə qədər yüksəlib. Karyerasında qazandığı uğurlar onun təhsil həyatından da yan keçməyib. 2020-ci ildə Ali təhsil müəssisələrinə qəbul imtahanları zamanı arzusunda olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-Qaz Mühəndisliyi fakültəsinə qəbul olunub.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Baş kəşfiyyatçı Murad Gözəlov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində könüllü olaraq döyüşlərə qatılıb. Kəşfiyyat qrupunda döyüşən Murad mərdliyi, cəsarəti ilə seçilib, döyüşün fəal iştirakçılarından olub.
Murad Gözəlov oktyabr ayının 30-da Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
Şəhidimiz noyabr ayının 5-də dogma Neftçala rayonunda böyük bir izdiham və ehtiramla torpağa tapşırılıb.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD