19.11.2025, 23:24
AZ EN
01.10.2025, 09:32 405

O azad torpaqlarda qardaşımın qanı, zəhməti var...

XƏBƏRLƏR
  • Həmzə atasını itirəndə onun doqquz yaşı vardı. Ailənin dolanışığı üçün kiçik yaşlarından zəhmətə alışmışdı. Özündən beş yaş böyük qardaşı deyir ki, Həmzə məndən yaşca kiçik olsa da elə təsir bağışlamırdı. Bir iş olanda həmişə yanımda olardı. Onun yoxluğu sanki qol-qanadımı qırdı. Anam üçün də çox çətindi, bizi əziyyətlə böyütmüşdü, amma övlad itkisi daha ağırdı. Bizim yeganə təsəllimiz odur ki, o işğaldan azad edilmiş torpaqlarda qardaşımın da qanı, zəhməti var. Biz onunla fəxr edirik, qurur duyuruq ki, qardaşım Vətən uğrunda canından keçib. Həmzə həmişə qəhrəman şəhidlərimizin şəkillərini paylaşardı. İndi biz onu şəkillərdə görürük.

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Həmzə Tərlan oğlu Əliyevin doğum günüdür. O, 1 oktyabr 1998-ci ildə Quba rayonunun Aşağı Atuc kəndində dünyaya göz açıb. Əslən rayonun Qalayxudat kəndindəndi. 9 yaşında atasını itirib. 2005-2015-ci illərdə Quba rayon Aşağı Atuc kənd tam orta məktəbində təhsil alıb. 6 oktyabr 2016-cı ildə hərbi xidmətə yollanıb. Goranboy rayonunun Goran qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə artilleriya bölməsində sürücü kimi xidmət edib. 12 aprel 2018-ci ildə hərbi xidmətini şərəflə başa vurub. Bundan sonra Həmzə əvvəlki sənəti olan maşın təmirçisi kimi işinə davam edib.

2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Həmzə Əliyev 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılıb.

Azərbaycan Ordusunun əsgəri olan Həmzə Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

21 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz 22 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Həmzə Əliyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Həmzə balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər