Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında məktəbin direktor müavini Şəbnəm Uğurlu deyib.
O bildirib ki, təhsil müəssisəsi 43 şagirdlə fəaliyyətə başlasa da, hazırda məktəbdə 112 şagird təhsil alır:
"Onların əksəriyyəti paytaxt məktəblərindən gəlib. Təhsil prosesinin təşkili həm şagirdləri, həm də valideynləri olduqca qane edir. Məktəbdə müasir dövrün tələblərini özündə ehtiva edən fənn kabinetlərinin, laboratoriyaların, peşəkar təhsil işçilərinin olması ürəkaçandır. Məktəb psixoloqunun və bütün pedaqoji kollektivin səyi nəticəsində şagirdlərin adaptasiya prosesi olduqca asan həyata keçirilib. Belə ki, fərqli məktəblərdən gəlmələrinə baxmayaraq, şagirdlər sanki illərin dostudurlar. Onların maraq dairəsinə uyğun olaraq dərsdənkənar məşğələlər keçirilir, ekskursiyalar təşkil olunur".
Direktor müavini qeyd edib ki, şagirdlərin akademik göstəricilərini artırmaq məqsədilə bir çox bilik yarışları təşkil edilib.
"Onların fənn müsabiqələrində və olimpiadalarda iştirakı təmin olunub. Belə ki, səkkiz məktəblimiz Lütfi-Zadə adına məntiq olimpiadasına qatılıb, təbiət fənni üzrə dörd, riyaziyyat fənni üzrə müsabiqədə isə üç şagirdimiz iştirak edib. Olimpiadaya qatılan şagirdlərdən dördü ikinci mərhələyə keçmək hüququ əldə edib. “Qərbi Azərbaycana qayıdış olimpiadası”nda isə on şagird iştirak edib", - direktor müavini vurğulayıb.
Şəbnəm Uğurlunun sözlərinə görə, bu il məktəbin 15 şagirdi IX siniflərin buraxılış imtahanında iştirak edib, onlardan biri 232 bal toplayıb:
"Təhsilini bu il başa vuran dörd şagirdimizdən biri - Zəhra Quliyeva 215 bal toplayıb. Onlar təhsillərini Qarabağ Universitetində davam etdirməyi arzulayırlar". (Report)