02.04.2026, 18:12
AZ EN
02.04.2026, 16:30 210

Ağalı kəndinin sosial şəbəkələrdə əks olunan nümunəvi həyatı

ŞƏRQİ ZƏNGƏZUR
  • Son illərdə sosial şəbəkələr, xüsusilə Facebook platforması, işğaldan azad olunmuş regionlarımıza Böyük Qayıdış Proqramı çərçivəsində mərhələli şəkildə köçürülən keçmiş məcburi köçkünlərin yeni həyatını daha yaxından tanımaq üçün mühüm vasitəyə çevrilib. Bu baxımdan Ağalı kəndi öz pozitiv və ilhamverici paylaşımları ilə seçilən, diqqətçəkən yaşayış məntəqələrindən biridir. Facebook-da Ağalı kəndi ilə bağlı edilən paylaşımlar kəndin müasir və inkişaf edən simasını nümayiş etdirir. Burada sakinlərin gündəlik həyatı, yeni tikilən evlər, abad küçələr və yaşıllıqla əhatə olunmuş mühit tez-tez paylaşılır. Bu görüntülər kəndin yüksək həyat səviyyəsini və müasir yanaşmaların tətbiqini açıq şəkildə göstərir.

Xüsusilə diqqətçəkən məqamlardan biri kənddə tətbiq olunan “ağıllı kənd” konsepsiyasıdır. Sosial şəbəkələrdə yayılan fotolar və videolar vasitəsilə müasir texnologiyaların kənd təsərrüfatında və gündəlik həyatda necə uğurla istifadə olunduğunu görmək mümkündür. Bu isə Ağalını yalnız yerli deyil, beynəlxalq səviyyədə də maraq doğuran bir məkana çevirir.

Ağalı sakinlərinin paylaşdıqları məzmunlarda birlik və həmrəylik ruhu da açıq hiss olunur. Bayram tədbirləri, ictimai görüşlər, məktəb və uşaq bağçalarında keçirilən tədbirlər geniş şəkildə işıqlandırılır. Bu paylaşımlar kənddə sağlam sosial mühitin və güclü icma münasibətlərinin formalaşdığını göstərir.

Eyni zamanda kənddə kənd təsərrüfatının inkişafı da sosial mediada pozitiv şəkildə təqdim olunur. Belə ki, keçmiş məcburi köçkünlər öz doğma yurduna qayıdandan sonra həyətyanı sahələrində qısa vaxtda əkdikləri meyvə ağacları, gül, çiçəklər, tərəvəz bitkiləri kəndin abhavasını özünə qaytarır. Digər sahələrdə təmiz və ekoloji məhsulların yetişdirilməsi, yeni texnologiyaların tətbiqi və zəhmətkeş insanların fəaliyyəti böyük maraqla qarşılanır.

Bütün bu paylaşımlar Ağalı kəndinin müasir, təhlükəsiz və rifahlı yaşayış məkanı olduğunu göstərir.

Ağalı kəndində meyvəçilik, tərəvəzçilik və digər sahələrlə yanaşı, arıçılıq təsərrüfatı ilə məşğul olan insanlar var.

Ağalı kənd sakini Abbasov Ağəli Xurşud oğlu doğma yurdda arıçılıq təsərrüfatı ilə məşğul olur.

O, facebookda paylaşılan videoda öz peşəsi ilə bağlı məlumat verərkən bildirir ki, arı ailəsi haramçılıqdan kənar qaçır. Şükürlər olsun ki, Ağalı kəndinin insanları, elə özümüz də halallıq sevənik.

"Mən arıçılıq təsərrüfatına 3 yeşiklə başlamışam, indi şükür, on yeşiklə təsərrüfatımı genişləndirmişəm. Onu da qeyd edim ki, Ağalı kənd sakinləri çox zəhmətsevərdirlər. Bu qısa vaxtda baxın, görün, kənd necə inkişaf edir".

Facebook platformasında formalaşan bu pozitiv imic kəndin gələcək inkişafı üçün də mühüm rol oynayır və digər yaşayış məntəqələri üçün də gözəl nümunə yaradır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər