"Astana Arena" stadionunda baş tutan mərasimdə əvvəlcə iştirakçı ölkələrin rəsmi paradı nümayiş olunub. Azərbaycan idmançıları da tribunalar qarşısından keçən atletlər sırasında yer alıblar.
Açılış mərasimində Qazaxıstanın dövlət bayrağı və Ümumdünya Köçəri Oyunlarının bayrağı qaldırılıb, Qazaxıstanın Dövlət Himni və oyunların rəsmi himni səsləndirilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mərasimdə çıxış edərək oyunları rəsmi olaraq açıq elan edib. Eyni zamanda, V Dünya Köçəri Oyunlarının Təşkilat Komitəsinin sədri Roman Sklyar və Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan da nitqlə çıxış ediblər.
Bu mötəbər idman tədbirinin açılışına gələn yüksək səviyyəli qonaqlar arasında Tatarıstan rəhbəri Rüstəm Minnixanov, Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədov, Saxa (Yakutiya) Respublikasının başçısı Aysen Nikolayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov da iştirak ediblər.
Qeyd edək ki, Astananın ən nüfuzlu idman meydançalarında keçiriləcək oyunlarda 21 yarış növü üzrə mübarizə aparılacaq. Buraya at yarışları, milli güləş növləri, ənənəvi intellektual və döyüş oyunları, oxatma, quşlarla ov və xalq oyunları daxildir.
Bu tədbir çərçivəsində 10 hektar ərazidə "Köşpendiler Əlemi" ("Köçərilər Dünyası") etnoaulu qurulub. Burada ziyarətçilər qazax xalqının zəngin mədəniyyətini kəşf edərək, köçəri xalqların unikal irsi ilə tanış ola bilərlər. (Trend)