03.03.2026, 12:20
AZ EN
03.03.2026, 10:28 19

Petrosyan Paşinyana qarşı Karapetyanla birləşdi

XƏBƏRLƏR
  • Ermənistanın keçmiş prezident Levon Ter-Petrosyan iyun ayında keçiriləcək parlament seçkilərində Samvel Karapetyanın namizədliyini dəstəkləyəcək.

"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, bunu Petrosyan özü yerli jurnalistlərə açıqlamasında bildirib. O, deyib ki, Ermənistanın parçalanmış müxalifətini birləşdirə biləcək yeganə qüvvə Samvel Karapetyandır: "Açıq etiraf etmək lazımdır ki, aylardır müxalifət partiyaları arasında davam edən danışıqlar nəticəsində heç bir razılığa gəlinməyib. Belə olan halda parçalanmış müxalifəti birləşdirə biləcək yeganə qüvvə Samvel Karapetyandır. Nəhayət, başa düşmək lazımdır ki, müxalifətin birləşməsi siyasi məsələ deyil, xalqın xilası məsələsidir. Özünü təmin edən və formalaşmış şəxsiyyət olan Karapetyan bu problemi həll etməyə qadirdir".

 Ermənistanın sabiq prezidenti vurğulayıb ki, "Taşir” Şirkətlər Qrupunun təsisçisi, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan hazırkı şəraitdə Baş nazir Nikol Paşinyanın komandasına qarşı ən güclü rəqib hesab olunur. Onun sözlərinə görə, Karapetyan hələ 2025-ci il iyunun həbs edilməmişdən əvvəl və həbsdən sonrakı dövrdə ardıcıl mübarizə metodları ilə Ermənistanda hakimiyyətdən narazı qüvvələrin etimadını qazanmağa müvəffəq olub. O, qeyd edib ki, hakimiyyət Karapetyana qarşı "Ermənistan Konstitusiyasında nəzərdə tutulmayan üsullarla hakimiyyətin ələ keçirilməsinə açıq çağırış" ittihamı irəli sürərək ilə onu həbs etsə də, məhbəsdə ikən "Güclü Ermənistan" adlı partiya quraraq qarşıdakı seçkilərdə iştirakla bağlı hazırlıqlara ara verməyib: "Partiyası onun baş nazirliyə namizədliyini irəli sürüb. Amma ikili vətəndaşlığı olduğu üçün namizəd olmasının qarşısında qanuni əngəl olan Karapetyan bu baxımdan, qanunvericiliyə müvafiq düzəlişin edilməsi üçün parlament müxalifətinin dəstəyini alacaq".

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə rusiyalı iş adamı Samvel Karapetyanla siyasi ittifaq qurmağa çalışan Petrosyan 27 illik fasilədən sonra yenidən hakimiyyətdə təmsil olunmaq niyyətini gizlətmir.

Levon Ter-Petrosyan 1945-ci ildə Suriyanın Hələb şəhərində doğulub. Atası Akop Ter-Petrosyan Livan və Suriya kommunist partiyasının yaradıcılarından biri olub, sonradan assuriyalı arvadı və uşaqları ilə Ermənistana köçüb. Levon Ter-Petrosyan ali təhsilin burada - İrəvan Dövlət Universitetinin filologiya fakültəsində alıb. O, 1988-ci ildən Qarabağı Azərbaycandan qoparmaq üçün erməni millətçilərinin yaratdığı "Qarabağ komitəsi"nin üzvü və "Erməni İctimai Hərəkatı"nın rəhbərlərindən biri olub.  Ermənistan Respublikasının birinci prezidenti kimi 1991-ci ilin noyabrından 1998-ci ilin fevralınadaək bu ölkəyə rəhbərlik edib.

Elxan SALAHOV

Oxşar xəbərlər