13.05.2025, 23:39
AZ EN
05.07.2023, 17:54 302

Ermənilərin sərhəddə tikmək istədiyi zavod ekoloji fəlakət vəd edir

XƏBƏRLƏR
  • Ermənistanın ölkəmizin sərhədində, Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan cəmi 800 metr aralıda tikmək istədiyi maşınqayırma zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Zavodun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır.

“Vətən səsi” bildirir ki, Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyanın yaydığı mövqe sənədində belə deyilir. Bildirir ki, Ermənistanın digər iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək dərəcədə çirklənmiş kimyəvi tərkibli istehsalat suları uzun müddət Araz çayını və Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir.

MSŞA QHT koalisiyası bəyan edir ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.

MSŞA-QHT koalisiyası ABŞ hökumətinə müraciət edirək, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etməyə və onun qanunsuzluqlarına göz yummamağa çağırıb. Bildirilir ki, ABŞ rəsmiləri, o cümlədən bu ölkənin Azərbaycandakı və Ermənistandakı səfirləri susmamalı, məsələyə aydın münasibət bildirməlidirlər.

MSŞA-QHT koalisiyası hesab edir ki, bu cür iri həcmli texnoloji proses aparılacaq bir zavodun tikintisi ətraf mühitə ciddi mənfi təsir riskinə görə dərhal dayandırılmalı və Azərbaycanla məsləhətləşmə aparılmaqla belə bir müəssisənin tikilməsinin transərhəd çayı olan Araz çayından və yaşayış sahələrindən kənar bir yerdə həyata keçirilməsi təmin edilməlidir.

Xatırladaq ki, Ermənistanın Naxçıvanla həmsərhəd bölgədə tikmək istədiyi metallurgiya zavodu üçün 70 milyon dollar sərmayə ayrılıb. Zavodun hündürlüyü 30 m, sahəsi 16500 kvadratmetr olacaq, illik 180 min ton metal məmulatları istehsal olunacaq. Müxtəlif emalatxanalardan və çoxlu sayda kiçik müəssisələrdən ibarət mürəkkəb istehsal kompleksində texnoloji proseslər qazların, böyük miqdarda tozun, tullantı sularının və zəhərli kimyəvi maddələrin ətrafa buraxılması ilə müşayiət olunacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər