Təqdimatda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri, millət vəkili Elnarə Akimova, millət vəkili Jalə Əliyeva, professor Elman Quliyev, professor Şahin Xəlilli, AMEA-nın Əlyazmalar, Folklor İnstitutlarının gənc alimləri, uşaq yazarları professor Zahid Xəlil, Sevinc Nuruqızı, Çinarə Köçərli, Reyhan Yusifqızı, Zahirə Cabir, Gülzar İbrahimova, ADPU və Sumqayıt fialialının pedaqoqları və bir sıra görkəmli qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla Qəmbərova qonaqları salamlayaraq qeyd edib ki, görkəmli şair, ədəbiyyatşünas, “Göyərçin” uşaq jurnalının baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu olduqca istedadlı və məhsuldar bir qələm sahibidir. 1966-cı ildən mətbuatda çıxış edən Rafiq Yusifoğlunun indiyədək bir çox kitabları, şeirləri, hekayələri, XX cildlik seçilmiş əsərləri və məqalələri çap olunub.
Respublika Uşaq Kitabxanası tərəfindən tərtib olunan və ədibin ədəbi-ictimai fəaliyyətini tam şəkildə əks etdirən biblioqrafik göstərici və elektron məlumat bazası 1966-2025-ci illərdə dərc olunan materialları əhatə edir. Biblioqrafik göstərici 520 səhifə və IV hissədən ibarətdir. Göstəricidə "Rafiq Yusifoğlunun ədəbiyyat, elm, sənət haqqında fikir və mülahizələri”, “Görkəmli Şəxsiyyətlər Rafiq Yusifoğlu haqqında”, “Rafiq Yusifoğlu görkəmli şəxsiyyətlər haqqında”adlı bölmələrdə verilmiş materialların müxtəlif oxucu qruplarının marağına səbəb olacağı şübhəsizdir.
Təqdimatda çıxış edən qonaqlar öz növbəsində Rafiq Yusifoğlunun ədəbiyyatşünaslığa, poeziyaya və uşaq ədəbiyyatına verdiyi töhfələrlə Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz rol oynamış bir şəxsiyyət olduğunu vurğuladılar. Həmçinin, qeyd edildi ki, Rafiq Yusifoğlunun "Ədəbiyyatşünaslığın əsasları" kimi dərslikləri, "Uşaq ədəbiyyatı", "Müasir ədəbi proses və ədəbi tənqid", "Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri" kimi monoqrafiyaları və məqalələri ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
Qeyd olunub ki, Rafiq Yusifoğlu çoxşaxəli və zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına mühüm töhfələr vermiş alimdir. Bu biblioqrafik kitab və elektron baza tədqiqatçılar, müəllimlər və gənc oxucular üçün əvəzsiz mənbədir.
Hazırladı: Mina RƏŞİD