22.11.2024, 03:37
AZ EN
10.04.2023, 11:04 247

Bu gün şəhid Tural Cəlilovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi qəhrəmanlarından biri, şəhid əsgər Tural Callad oğlu Cəlilovun doğum günüdür. O, 1996-cı il aprelin 10-da Qəbələ rayonunun Yeni Dizaxlı kəndində anadan olub. A.Rəhimov adına Yeni Dizaxlı kənd tam orta məktəbində təhsil alıb.

2014-cü ildə hərbi xidmətə yollanan Tural Tərtər rayonunda N saylı hərbi hissədə xidmət edib.

2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsində Tural könüllü ön cəbhəyə yollanıb. O, bir çox qanlı  döyüşlərdə iştirak edərək şücaətlər göstərib. Oktyabrın 6-da Ağdərə istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidimiz 2020-ci il oktyabrın 7-də doğulduğu kənddə böyük bir el məhəbbəti ilə torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin qardaşı İlkin Cəlilov deyir ki, Tural kimi igidlər öz qanları ilə bayrağımızı ən yüksək zirvəyə ucaltdılar. Gənclərimiz şəhidlərin xatirəsini uca tutsunlar, hər uğurlarında onların məzarına gələrək halallıq alsınlar. Çünki şəhidlər bizim gələcək arzularımız üçün öz xəyallarını qurban verdilər. Ona görə də bizlər hər bir xoş anımızda şəhidlərimizə minnətdar olmalıyıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Şəhidimizin Mehman adlı qardaşı isə Turalın şəxsi keyfiyyətlərindən danışır. Deyir ki, Tural çox ürəyitəmiz, mərd, zəhmətsevər, həm də nadinc oğlan idi: “Hər dəfə kimsə məndən Turalın qardaşı olduğumu soruşanda, “görəsən, yenə nələr edib”, - deyə düşünürdüm. Amma o, elə bir qəhrəmanlıq göstərdi ki, indi mən bütün dünyaya qışqıraraq demək istəyirəm ki, bəli, mən Turalın qardaşıyam”.

Mehman şəhid qardaşına sonsuz sevgisini həm də, şeirlə ifadə edib:

Şəhidlik şərəfdir, məqamı uca,

Tarixdə qoyduğun izin silinməz,
Sizlər də varsınız biz var olunca,
Şəhidlər ölməzdir, Vətən bölünməz!

Bu gün Tural kimi oğullarla nəinki doğmaları, yaxınları, bütün Azərbaycan xalqı fəxr edir. Çünki Tural Cəlilov da, 24 yaşında Zəfər tariximizə adını qanıyla yazaraq ömrünü doğma Vətənə bağışladı.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Tural balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR