Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır. Bu il Dünyanın Kitab Paytaxtı Rio-de-Janeyro şəhəridir.
Aprelin 23-ü, eyni zamanda, dünya ədəbiyyatında rəmzi bir tarix - Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.
Azərbaycanda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilməyə başlayıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb.
Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir. 2021-ci ilin aprel ayında dövlətimizin başçısının imzaladığı Fərmana əsasən Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi” yaradılıb.
İnfrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sahəsində Agentlikdə sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi fəaliyyət göstərir. Bu sahədə tətbiq edilən “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi açıqlıq, operativlik və şəffaflığı təmin edib, ixtira və patent fəallığının artmasına müsbət təsir göstərib, həmçinin dövlət xidmətlərinin səviyyəsini yüksəldib.
2024-cü ildə 346 müəllifin (hüquq sahibinin) 660 əsəri, o cümlədən 306 müəllifə məxsus 543 əsər elektron qaydada qeydiyyatdan keçirilib.
Agentlik erməni saxtakarlıqlarının ifşasına dair 2016-cı ildən başlayaraq “Don bəzəyər də, ifşa edər də” seriyasından kitab və broşürlər nəşr etdirir. 2024-cü ildə bu seriyadan “Qərbi Azərbaycan torpaqları qədim və klassik mənbələrdə və DNT-analiz” kitabı (müəllif professor Kamran İmanov) Azərbaycan və rus dillərində nəşr edilib.
Hazırladı: Mina RƏŞİD