21.11.2024, 16:36
AZ EN
23.09.2022, 16:45 369

Tarix Muzeyində Anım Gününə həsr olunan tədbir keçirilib

XƏBƏRLƏR
  • Milli Azərbaycan Tarixi Muzeyində 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.

Bu barədə muzeydən məlumat verilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.

Tədbirdə muzeyin icraçı direktoru dosent Fərhad Cabbarov şanlı tariximizdən, torpaqlarımızın azad edilməsində misilsiz xidmətləri olmuş Vətən müharibəsi şəhidləri və qazilərinin göstərdikləri qəhrəmanlıqlardan danışıb. O, şəhid və qazilərimizin şəxsi əşyalarının muzeyin Vətən müharibəsi fondunda qorunduğunu və tarixi Qələbəmizi əks etdirən bu materialların öyrənilməsi və təbliği istiqamətində iş aparıldığını vurğulayıb.

Muzeyin baş direktoru akademik Nailə Vəlixanlı Vətən müharibəsi şəhidləri ailələrinin üzvlərini və qaziləri salamlayaraq, xalqımızın daim onlara borclu və minnətdar olduğunu bildirib. O, Tarix Muzeyində bu şanlı tarixin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edərək, 2021-ci ilin əvvəlində Vətən müharibəsi fondunun yaradıldığını, 44 günlük Vətən müharibəsinin tarixini əks etdirən sərginin açıldığını qeyd edib. N.Vəlixanlı vurğulayıb ki, tədbirin keçirilməsində əsas məqsəd gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, Vətən müharibəsi şəhidlərinin və qazilərinin gənclər arasında tanıdılmasından ibarətdir.

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş hərbçilərimizin ailə üzvləri və qazilər çıxış edərək, qazandığımız Böyük Zəfərin əhəmiyyətindən danışıblar.

Sonda qonaqlar muzeydə nümayiş olunan “Silahların mistik gözəlliyi” adlı sərgi ilə tanış olublar. (AZƏRTAC)

Oxşar xəbərlər