Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Dövlət proqramına uyğun olaraq hazırda Qarabağ İqtisadi Zonasına əhalinin köçürülməsi prosesinin davam etdiyini bildirən N.Aslanov əlavə edib: “İnfrastruktur tam qurulduqdan sonra biz də orada öz təşkilatlarımızı yaradıb humanitar missiyamızı həyata keçirəcəyik. Onsuz da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ İqtisadi Zonasında humanitar missiyasını həyata keçirir, ancaq hesab edirəm ki, bu, yerli bölmələr tərəfindən həyata keçirilsə daha yaxşı olar”.
N.Aslanov, həmçinin cəmiyyətin digər strateji məqsədlərinin də müəyyən olunduğunu diqqətə çatdırıb. Bildirib ki, 2030-cu ilə kimi təşkilatın strateji planı hazırlanıb. “İşçi qrup artıq fəaliyyət göstərir. Biz qarşıya qoyduğumuz hədəfləri həyata keçirəcəyik”, - deyə AzQAC-ın prezidenti qeyd edib. (AZƏRTAC)