Tədbir iştirakçıları izdiham şəklində şəhidlərimizin dəfn olunduğu İmişli rayon Bəhrəmtəpə qəsəbə məzarlığına yollanıblar. Orada ilk olaraq İmişli rayon Yeni Bəhrəmtəpə qəsəbəsində məskunlaşmış Füzuli rayonunun Qacar kənd sakini Əhmədzadə Elməddin Uğur oğlunun məzarı ziyarət olunub. Məzarın önündə Füzuli Rayon Icra Hakimiyyətinin qəsəbə üzrə nümayəndəsi Nizami Məmmədov, şəhid ataları Uğur Əhmədov, Aslan Abdullayev, qəsəbə üzrə dini ayinlərin icraçısı Adil Mustafayev, bu yazının müəllifi çıxış edərək bütün şəhidlərimizin, o cümlədən Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Şəhidlərin xatirəsinə dualar oxunub.
Məktəbin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri məzarlıqda dəfn edilmiş, Bəhrəmtəpə qəsəbəsindən olan şəhidlər Hüseynov Nazim Yaqub oğlunun, Abdullayev Həmdulla Aslan oğlunun, Kamranlı Xalid Kazım oğlunun, Şirinov Orxan Elxan oğlunun, Həsənov Elgün Əli oğlunun, Səfərli Əmrah Çingiz oğlunun, həmçinin bu məzarlıqda dəfn olunan I Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Anım tədbirləri çərçivəsində mərhum Elməddin Əhmədzadənin şəhidliyinin ikinci ildönümü mərasimində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Milli Məclisin deputatı Razı Nurullayev, rayonun inzibati orqanlarının rəhbərləri, Füzuli Rayon İcra Hakimiyyətinin məsul işçiləri Qabil Əliyev və Seydi Nadirov iştirak ediblər.
Camal SADIQOV,
tarixçi-tədqiqatçı,
Füzuli rayonundan məcburi köçkün