Şölə İsa qızı İbrahimova Qərbi Azərbaycanın Zəngəzur mahalı Qafan şəhərində 75 il öncə dünyaya göz açmışdır. O, Qafan şəhər 4 saylı orta məktəbi əla qiymətlə bitirib M.F. Axundov adına Azərbaycan Xarici Dillər universitetinin ingilis dili fakültəsinə qəbul olmuşdur. Ali təhsil aldıqdan sonra müəllimlik fəaliyyətini elə Qafan şəhər 4 saylı orta məktəbdən başlamış, Orta Asiya və sonra Bakı şəhərində davam etdirib. O, Nərimanov rayonunda məktəb direktoru vəzifəsində əmək fəaliyyətini təqaüdə çıxana qədər davam etdirmişdir.
Ömrünü şagirdlərin bilik və tərbiyəsinə həsr edən Şölə xanım Respublika ziyalı Qadınlar Cəmiyyətinin idarə heyətinə üzv seçilmiş və Xətai rayonu üzrə ilin müəllimi olmuşdur.
Əmək fəaliyyəti dövründə tələbkar olmaqla yanaşı, qayğıkeş, peşəkar müəllim kimi kollektivin və şagirdlərin dərin hörmətini qazanmışdır.
Bu gün Şölə xanımın doğum günüdür. Onu təbrik edir və sağlam ömür arzulayırıq.
Tahirə AĞAMİRZƏ