09.06.2025, 15:33
AZ EN
17.02.2025, 10:51 358

İbrahim nişanlı idi...

XƏBƏRLƏR
  • İbrahim üç bacının yeganə qardaşı, evin sonbeşiyi idi. Babasının adını daşıdığı üçün ona çox vaxt “Ata” deyirdilər. İbrahim doğma Vətəni, onun bayrağını çox sevirdi. Döyüşdən əvvəl evini üçrəngli bayrağımızla  bəzəyib, sonra atasına zəng edib ondan halallıq istəmişdi. İbrahim nişanlı idi. Amma o bütün arzularını canından çox sevdiyi Vətənə qurban etdi. O bir kəşfiyyatçı idi, bacısına deyirdi ki, kişi öndə getməlidir... Anası övladı haqqında danışdıqca, onunla olan əziz, unudulmaz anları xatırladıqca kövrəlir. Amma nə qədər çətin olsa da belə bir igidin anası olduğu ilə qürur duyduğunu söyləyir. Deyir ki, fəxr edirəm ki, belə bir oğul böyütmüşük...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi İbrahim Mustafa oğlu Əliyevin doğum günüdür. O, 1997-ci il fevralın 17-də Naxçıvanda, Kəngərli rayonunun Qabıllı kəndində anadan olub. 2003 -2011-ci illərdə Qabıllı kənd tam orta məktəbində, 2011–2014-cü ildə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014–2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.  2018-ci ildə Ali hərbi məktəbi fərqlənmə diplomu ilə bitirib leytenant kimi şərəfli xidmətə başlayıb. Xidməti zamanı bir çox mükafatlar qazanıb. "Azərbaycan Ordusunun yaranmasının 100 illiyi" medalına, diplom və sertifikatlara layiq görülüb. 2020-ci ildə Türkiyədə keçirilən xüsusi kəşfiyyat kursunu da uğurla tamamlayıb Vətənə qayıdıb.

Azərbaycan Ordusunun leytenantı olan Əliyev İbrahim 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılıb.  

İbrahim Əliyev sentyabrın 30-da Suqovuşan istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimizin mübarək nəşi düz 70 gündən sonra tapılaraq dogma Qabıllı kəndində torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İbrahim Əliyev ölümündən sonra "Vətən uğrunda, “Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü" medalları və III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər