Çox qədim tarixə malik Azərbaycanımızın yaşaması, qorunması onun igid övladları sayəsində əldə olunmuşdur. Amma əsas bir həqiqət də var ki, igid oğulları, igid sərkərdələr yetişdirirlər. Bu mənada 44 günlük müharibə də qətiyyətli sərkərdənin əsəridir. Burada böyüyən, püxtələşən oğullardan biri də Babək Məzahir oğlu Namazovdur. O, 28 may 1986-cı ildə Füzuli rayonunun Şükürbəyli kəndində anadan olmuşdur. 1992-ci ildə Şükürbəyli kənd tam orta məktəbinin birinci sinfinə gedən Babək orta təhsilini elə o məktəbdə başa vurmuşdur. Orta təhsili başa vurduqdan sonra B.Namazov həqiqi hərbi xidmətə çağırılmış və Quru Qoşunlarında xidmət etmişdir . Hərbi xidmətdən tərxis olunduqdan sonra MAHHXHQ kimi xidmətini davam etdirir. Xüsusi hərbi təlimlərdə fəallıq göstərən Babək 44 günlük Vətən müharibəsində öz bacarığını göstərdi. Füzuli, Zəngilan, Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi fəallıq göstərdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Babək Namazov "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanin azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. O, 3 cü dərəcəli əlildir.
İsa MUSAYEV